Naxçıvan Dövlət Universitetində “Karyera günü” keçirilib

Naxçıvan Dövlət Universitetində “Karyera günü” keçirilib

”İNFONEWS” xəbər verir.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Karyera günü” keçirilib.
Muxtar respublikanın Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, universitetin sonuncu kurs tələbələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev tələbələrin təcrübə yerlərinin müəyyənləşdirilməsi, məzunların işlə təmin edilməsi üçün dövlət qurumları ilə əməkdaşlığın qurulması, habelə tələbələrin ixtisasları üzrə dövlət müəssisələrində təcrübə keçmələri və işlə təmin olunmaları haqqında danışıb.
Rektor bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi məzunların gələcək karyera inkişafında xüsusi əhəmiyyət daşıyır. Tələbələrlə mütəmadi görüşlərin keçirilməsi onlara karyera planlama fikrini aşılayır, tələbələrin praktiki təcrübələrini inkişaf etdirir və dünyagörüşlərini artırır.
“Bu gün muxtar respublikada gənclərin inkişafı və özünütəsdiqi üçün zəruri şərait var. Yaxşı təhsil almış, formalaşmış gənc həm də sabahın istedadlı mütəxəssisidir”, – deyən universitetin rektoru Elbrus İsayev Dövlət İmtahan Mərkəzi tərəfindən universitetdə “Karyera günü”nün keçirilməsinin dövlət müəssisələrinin ixtisaslı kadrlarla təmin olunmasına, tələbə-gənclərin gələcəkdə özlərinə uyğun ixtisaslar üzrə düzgün peşələri seçməsinə şərait yaradacağına əminliyini bildirib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli deyib ki, son illər muxtar respublikada Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də uğurlu islahatlar aparılıb, müasir dövlət idarəçilik sistemi formalaşdırılıb. Dövlət idarəçiliyi sahəsində aparılan islahatların əsas istiqamətlərdən biri də müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsidir. Kadr siyasətinin əsas məqsədi dövlətə və cəmiyyətə xidmət üçün lazımi keyfiyyətlərə malik mütəxəssislərin formalaşdırılması, habelə dövlət orqanlarının yüksək peşəkarlığa malik, vicdanlı, məsuliyyətli və Vətənə sədaqətli işçilərin cəlb olunmaqla komplektləşdirilməsidir. Bu məqsədlə muxtar respublikada tədris müasir standartlara uyğunlaşdırılıb, maddi-texniki baza möhkəmləndirilib, mütəxəssis və kadr hazırlığı üçün hərtərəfli şərait yaradılıb.
İsmayıl Qəribli bildirib ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin yaradılması bu istiqamətdə həyata keçirilən siyasətin məntiqi davamıdır. Muxtar respublikada gənclərin məşğulluğu üçün hər cür imkan yaradılır, onların işə qəbulu diqqət mərkəzində saxlanılır. Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən 33 istiqamət üzrə işə qəbul, attestasiya, sertifikasiya və qiymətləndirmə imtahanları keçirilir. Keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir, gənclərin dövlət orqanlarına marağı artır və müsabiqələrdə böyük rəqabət vəziyyəti müşahidə olunur. Buna görə də gənclər dövlətin yaratdığı şəraitdən istifadə etməklə karyera hədəflərini müəyyənləşdirməli və onlara çatmaq üçün səylə çalışmalıdırlar. Bu gün universitetdə keçirilən “Karyera günü” tələbələri ixtisaslarına, bilik və bacarıqlarına uyğun vəzifələrlə, habelə keçirilən müsabiqələrin qaydaları və şərtləri ilə tanış etmək məqsədi daşıyır.
Sonra Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Məmməd Babayev slayd vasitəsilə “Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət orqanlarına və digər müəssisələrə işə qəbulu qaydaları” haqqında tələbə-gənclərə ətraflı məlumat verib. Dövlət qulluğuna, dövlət qulluğunun xüsusi növlərinə, eləcə də digər dövlət müəssisə və təşkilatlarına işə qəbul, Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan prosesinin təşkili və keçirilməsi qaydaları, imtahanların məzmunu, sual sayları və keçid balları ilə tanışlıq tələbə-gənclərin marağına səbəb olub, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda tələbələrə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti, imtahanların keçirilməsi qaydaları və digər məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir