Sərbəst güləşçilərimiz U-23 Avropa çempionatını 7 medalla başa vurublar
”INFONEWS” xəbər verir.
Azərbaycanın sərbəst güləşçiləri 23 yaşadək idmançılar arasında Avropa çempionatında daha 3 medal qazanıblar.
Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan qitə birinciliyində 74 kiloqram çəki dərəcəsində çıxış edən Əşrəf Aşırov debütdə yeniyetmələr arasında Avropa çempionu və gənclər arasında dünya ikincisi olmuş rusiyalı Çermen Valiyevə məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz mayın 19-da təsəlliverici görüşlərə çıxıb. Almaniya güləşçisinə vaxtından əvvəl qalib gələn Ə.Aşırov Rumıniyadan olan rəqibinə də gücünü göstərərək bürünc medal görüşünə vəsiqə qazanıb. Sonuncu qarşılaşmada Gürcüstan təmsilçisinə uduzan Ə.Aşırov beşinci yerlə kifayətlənib.
Millimizin üzvü Orxan Abasov (86 kq) əvvəlcə İsrail, daha sonra isə Ukrayna güləşçisinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Almaniya təmsilçisindən də güclü olan güləşçimiz adını finala yazdırıb. Həlledici görüşdə Rusiya idmançısına uduzan O.Abasov gümüş medalı boynundan asıb.
Təmsilçimiz Osman Nurməhəmmədov (92 kq) qitə birinciliyinə inamlı qələbə ilə start verib. Yerli idmançını vaxtından əvvəl xalçadan məyus yola salan güləşçimiz Rusiya təmsilçisini də minimal hesabla üstələyib və yarımfinala vəsiqə qazanıb. Yığmamızın üzvü Belarus güləşçisini də məğlub edərək finala adlayıb. Türkiyə güləşçisi ilə son görüşdə hesabda üstün olan O.Nurməhəmmədov son saniyələrdə hakimlərin müəmmalı qərarı fonunda gümüş medalla kifayətlənməli olub.
Vahid Qalayev səkkizdəbir finalda Gürcüstan, dörddəbir finalda isə Ermənistan güləşçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında türk rəqibinə minimal fərqlə uduzub. Albaniya güləşçisi üzərində inamlı qələbə V.Qalayevə bürünc medal qazandırıb.
Beləliklə, sərbəst güləşçilərimiz Avropa çempionatını 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurublar.
Qeyd edək ki, ötən gün sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq) gümüş, Zirəddin Bayramov (65 kq) və İslam İlyasov (97 kq) isə bürünc medal qazanıblar.