“Evlər onlara öz doğma yurdlarında veriləcək”
Birinci Qarabağ müharibəsi iştirakçısı Məmmədov Qəhrəman Ağaməmməd oğlunun qızı, Kəlbəcərdən məcburi köçkün düşən Bəturə Qəhrəmanova Gəncə şəhər Sevinc qəsəbəsi ərazisində yerləşən Asfalt zavodunun qəzalı vəziyyətdə olan idarə binasının bir otağında yaşayır.
“İNFONEWS” xəbər verir ki, “oxu.az”ın redaksiyasına şikayət ünvanlayan B.Qəhrəmanova yaşadığı evin həyat üçün təhlükəli olduğunu bildirir və evlə təmin edilməsini istəyir:
“Dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etməyimə baxmayaraq, mənim müraciətimə müsbət cavab verən olmayıb”.
Məsələ barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.
Komitədən bildirilib ki, Kəlbəcər rayonundan məcburi köçkün Qəhrəmanova Bəturə Qəhrəman qızı 15 fevral 2012-ci ildə Goranboy rayonunda yeni istifadəyə verilmiş 690 mənzillik qəsəbədə mənzillə təmin olunub:
“2016-cı ildə Kəlbəcər rayonundan məcburi köçkün Qəhrəmanov Səlahəddin Natiq oğlu ilə ailə qurduqdan sonra Gəncə şəhəri, Asfaltzavod idarəsinin inzibati binasında müvəqqəti məskunlaşıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizi azad etdikdən sonra məcburi köçkünlərin ləyaqətlə və təhlükəsiz şəraitdə öz yurdlarına, ata-baba torpaqlarına qayıtması üçün dövlət tərəfindən zəruri tədbirlərin görülməsinə başlanıb.
Artıq məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək.
Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlər yeni yaşayış sahələri ilə təmin olunacaqlar”, – deyə qurumdan qeyd edilib.