“Fəryad” filminin ikinci hissəsi çəkiləcək
“İNFONEWS” xəbər verir.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası 44 günlük Vətən müharibəsi və qələbəyə həsr olunmuş yeni filmlərin çəkilişinə start verib.
Bu barədə “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov bildirib.
Onun sözlərinə görə, kinostudiya hər zaman milli maraqları önə çıxarır, dəyərlərimizin kino dili ilə təbliğinə dəyər verir:
“Hələ ötən illərdə müxtəlif mövzulu filmlərlə yanaşı, Qarabağ dəyərləri haqqında filmlər çəkilirdi. Zəfər qazandıqdan sonra da əsas prioritet mövzumuz Qarabağ, qazandığımız zəfərlə bağlı olacaq.
Hazırda “Azərbaycanfilm” kinostudiyasında Bakı Media Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində “Biz” adlı sənədli film üzərində iş aparılır. Filmin rejissoru Orman Əliyevdir.
Bundan başqa, “Fəryad” filminin ssenari müəllifi, kinorejissor Vaqif Mustafayevə işçi adı ” Fəryad 2″ olan bədii film ssenarisi sifariş edilib. Tragikomediya janrında nəzərdə tutulan filmin ssenarisi üzərində iş davam edir”.
F.Əhmədov onu da əlavə edib ki, “Azərbaycanfilm” kinostudiyası Mədəniyyət Nazirliyinin “Böyük qayıdış” filmi elan edəcəyi müsabiqədə istehsalçı şirkət kimi iştirak etməyi nəzərdə tutub:
“Salnaməfilm” studiyası Bakı Media Mərkəzi ilə birgə “44 günlük müharibə” haqqında filmin üzərində iş aparır. Filmdə eksklüziv kadrlar olacaq.
Həmçinin başqa bədii və sənədli filmlərin, bədii serialların çəkilişi planlaşdırılır”.