Doğma dilimizi öyrənmək istəyən körpələrə yeni töhfə
“İNFONEWS” xəbər verir.
Rusiyanın Sankt-Peterburq şəhərində “Uşaqlar üçün Azərbaycan dili” kitabı nəşr olunub.
Kitabın müəllifləri Sankt-Peterburqda yaşayan həmvətənlilərimiz Şahnaz Kamal və Gülşən Həbibovadır.
Müəlliflərin xüsusi tədris metodikası ilə hazırlanan kitab 6-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Kitab “Ailə”, “Bədən.Üz.”, “Ev”, “Mebel”, “Meyvələr”, “Tərəvəzlər”, “Heyvanlar”, “Məktəb ləvazmatları”, “Saylar”, “Fəsillər” və s. bu kimi mövzuları əhatə edən bölmələrdən ibarətdir. Həmçinin kitabda uşaqların gündəlik istifadə edə biləcəkləri bir sıra mövzularda dialoqlar, məşhur uşaq şeirləri, xalq nağılları və eləcə də, Şahnaz Kamalın müəllif nağılları yer alib.
Qeyd edək ki, həmmüəllif Şahnaz Kamal bakalavr və magistratura təhsilini Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində alaraq, təhsilini Sankt-Peterburq Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsinin Türkologiya bölməsinin aspiranturasında davam etdirib. Şahnaz xanım elmi-tədqiqat işləri ilə məşğul olmaqla bərabər, bədii yaradıcılığa da davamlı vaxt ayırıb. Onun “Güldar” (2013) hekayələr kitabı və “Xallı” (2021) nağıllar kitabı Bakıda dərc olunub. Elmi-publisistik, elmi-araşdırma məqalələri, hekayə və nağılları Azərbaycanda, Rusiyada, Türkiyədə, ABŞ-da, Almaniyada nəşr edilib. Şahnaz Kamal həm də 2018-ci ildə Azərbaycan Respublikasının 100 illiyi münasibətilə Sankt-Peterburqda çapdan çıxan “Azərbaycan Respublikası -100” («Азербайджанская Республика-100» ) elmi məqalələr toplusunun tərtibçısıdır. Sankt-Peterburqda pedoqoji fəaliyyətlə məşğul olan Şahnaz Kamal bir neçə ildir Azərbaycan və Türkiyə türkcələrinin tədrisi ilə məşğuldur.
Kitabın digər müəllifi Gülşən Həbibova Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya-pedoqogika fakültəsini, daha sonra isə Sankt-Peterburq İdarəetmə Texnologiyası və İqtisadiyyat Universitetinin “Dövlət idarəçiliyi və yerli idarəetmə” fakültəsində magistr təhsili alıb. Hazırda Gülşən xanım Sankt-Peterburqda pedoqoji fəaliyyətlə məşğul olur.
Müəlliflər Rusiyada rusdilli uşaqlara Azərbaycan dili öyrətmək üçün dərs vəsaitləri və kitabların olmamasını vurğulayaraq, qısa zamanda bu boşluğu aradan qaldırmaq istiqamətində işlərə start veriblər.
“Rusiyada azərbaycanlılar çoxluq təşkil etsə də, Azərbaycan dilinin tədrisi üçün metodik vəsaitlərin, dərslik və kitabların olmaması rusdilli balacaların doğma dilimizi öyrənmək istəklərini əngəlləyirdi. Bu kitabın yazılmasının ən başlıca səbəbi rusdilli balacaların Azərbaycan dilini öyrənməsinə yardım etməkdir. Kitabda verilən rəngli şəkillərin çoxluğu balacaların dil öyrənməsini daha əyləncəli edəcəyini düşünürük”, – deyə Şahnaz Kamal bildirib.
Gülşən Həbibova da öz növbəsində qey edib:
“Ümid edirik ki, bu kitabın köməyi ilə Azərbaycan dilini öyrənmək istəyən uşaqlar böyük zövqlə ilk addımlarını atacaqlar!”
Kitab yaxınlarda Rusiyanın internet mağazalarında satışda olacaq.
Eyni zamanda, kitabı əldə etmək üçün [email protected] elektron ünvanına müraciət etmək olar.