“Azərbaycan elminin inciləri” – Mustafa bəy TOPÇUBAŞOV

“Azərbaycan elminin inciləri” – Mustafa bəy TOPÇUBAŞOV

“İNFONEWS” xəbər verir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası növbəti “Mustafa bəy TOPÇUBAŞOV” virtual sərgisini oxucu-istifadəçilərinə təqdim edib.

Azərbaycanın tarixində elm, mədəniyyət, incəsənət sahəsində yüzlərcə parlaq şəxsiyyətlər olub. Onların hər birinin həyatı, yaradıcılıq yolu, əldə etdikləri nailiyyətlər Azərbaycan elminə, təhsilinə, mədəniyyətinə verdikləri töhfələr bugünkü nəslə örnək ola bilər. Elə şəxsiyyətlər ki, əməlləri tarixi hadisələrin, dünya elminin, mədəniyyətinin və s. gedişinə təsir göstərmişdir. Azərbaycan xalqı daim böyük dahilər, dünya miqyasında şöhrət tapan şəxsiyyətləri ilə qurur duymuşdur.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Azərbaycan elminin inciləri” layihəsi çərçivəsində öz auditoriyasını, xüsusilə də gəncləri Azərbaycan elminin görkəmli nümayəndələri ilə tanış etmək məqsədini qarşısına qoymuşdur.

Kitabxanadan bildirilib ki, sözügedən layihə çərçivəsində kitabxana əməkdaşları tərəfindən Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi, Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri – Mustafa bəy Topçubaşov haqqında virtual sərgi hazırlanıb. Virtual sərgi iki dildə – Azərbaycan və rus dillərində olmaqla, görkəmli alim və cərrahın həyat və fəaliyyəti, elm sahəsində qazandığı uğurlar və Azərbaycan elminə bəxş etdiyi kəşflər haqqındadır. Virtual sərgidə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – infeksion efır-yağ narkozunu – analgeziya üsulunu kəşf etmiş Mustafa bəy Topçubaşovun 200-dən artıq elmi işin, o cümlədən 5 cildlik “Xüsusi cərrahiyyə” əsərinin, 7 monoqrafiyanın, kəşf və ixtiraların müəllifi olmuş, onun məsləhətçiliyi və rəhbərliyi altında 8 doktorluq və 16 namizədlik dissertasiyası müdafiə edilməsi və s. məsələlər qeyd edilib.

Virtual sərgidə 5 hissəli, “Xüsusi cərrahlıq” tibb institutu üçün dərsliklər, “Cərrahlıq terminləri lüğəti” və b. əsərlərinin biblioqrafik təsvirləri verilib. Sərgidə məşhur alimin ailə şəkilləri, aldığı elmi adlar, layiq görüldüyü mükafatlar, orden və medallar haqqında məlumat, müəllifi olduğu və haqqında yazılan kitablar da öz əksini tapıb.

“Azərbaycan elminin inciləri” layihəsi çərçivəsində Mustafa bəy Topçubaşov haqqında hazırlanan virtual sərgi kitabxananın sosial şəbəkələri ilə yanaşı, Youtub kanalına yerləşdirilib.

(https://www.youtube.com/watch?v=WWnx1eM35mM)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir