Xəzər Siyasət Mərkəzi Vaşinqtonda V Transxəzər Forumunun ilk gününə ev sahibliyi edib
”İNFONEWS” xəbər verir.
Xəzər Siyasət Mərkəzi Vaşinqtonda Amerika Birləşmiş Ştatları ilə Transxəzər dəhlizi ölkələri arasında biznes, ticarət və investisiya imkanlarını araşdırmaq üçün 5-ci Transxəzər Forumunun ilk gününə ev sahibliyi edib.
Mərkəzdən bildirilib ki, forum çərçivəsində ABŞ-dan və Xəzəryanı ölkələrdən olan natiqlər qlobal COVID-19 pandemiyası zamanı Xəzər bölgəsinin yaşadığı əsaslı dəyişiklikləri və bu dəyişikliklərin gələcəkdə ABŞ–Xəzər regionu əməkdaşlığı üçün yeni imkanlar yaratdığını müzakirə ediblər.
Builki forum Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistan səfirliklərinin birgə təşkilatçılığı, ABŞ Dövlət Departamenti və ABŞ Milli Təhlükəsizlik Şurasının iştirakı ilə ABŞ Ticarət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəkləri ilə baş tutub.
Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti insanları və məhsulları qitələr boyunca birləşdirməkdə Xəzər regionunun mühüm rol oynadığını, həmçinin Transxəzərin Avropa ilə Asiya arasında körpü, ticarət, infrastruktur, enerji üçün bir mərkəz rolu oynadığını qeyd edib: “Xəzər regionu ölkələri 30 il əvvəl müstəqilliklərini qazanmalarından indiyədək ABŞ üçün mühüm strateji ortaqlar olublar. Qlobal enerji təhlükəsizliyini artırmaq, ekstremizmlə mübarizə aparmaq və saysız digər təşəbbüslərlə yanaşı, narkotik və nüvə material axınına qarşı Vaşinqtonla həvəslə çalışıblar”.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında “Cənub Qaz Dəhlizinin özəyi Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı regional əməkdaşlıq idi” fikrini xüsusi vurğulayıb.
Forumda Əfqanıstanın ABŞ-dakı səfiri Röya Rəhmani, Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov, Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze, Qazaxıstanın Birləşmiş Ştatlardakı səfiri Yerjan Aşikbayev, Qırğızıstan Respublikasının ABŞ-dakı səfiri Baktybek Amanbaev, Özbəkistanın Birləşmiş Ştatlardakı səfiri Javlon Vakhabov və Türkiyənin ABŞ-dakı səfirinin müavini Sinan Ertay 2021-2022-ci illərdə ölkələrinə və bölgəyə daha çox beynəlxalq sərmayə qoyuluşu, sıx iş birliyi ilə dəstəklənən güclü layihələr barədə fikirlərini bölüşüblər.
ABŞ Dövlət Departamentinin İqtisadi və Ticarət Məsələləri Bürosu, Dövlət katibinin ticarət siyasəti və danışıqlar üzrə köməkçisinin müavini Matt Murray, ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Orta Asiya üzrə baş direktoru vəzifəsini icra edən Erik Grin, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Avropa və Avrasiya Bürosu, İdarəedici Köməkçisi vəzifəsini icra edən Margot Ellis iqtisadi suverenliyi təmin etmək, beynəlxalq terrorizmə qarşı mübarizə və dəstək üçün ABŞ-ın bölgənin xarici siyasətinin inkişafındakı rolundan danışıblar.
Forumda, həmçinin iqtisadiyyat nazirinin məsləhətçisi Emil Məcidov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Arif Məmmədov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Fərhad Quliyev və başqaları çıxış ediblər.