“Zevs” 30 sutka həbs edildi
Bakıda izləyicisini döyərək lentə alan Ruslan Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
“İNFONEWS” “Report”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan iddialar nəzarətə götürülməklə araşdırılıb. O deyib ki, R.Quliyev barəsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
Şöbə rəisinin sözlərinə görə, Binəqədi Rayon Məhkəməsində onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib: “Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs edilib”.
Qeyd edək ki, yutuber Ruslan Quliyev yarım milyondan çox izləyicisi olan kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Videoda “Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşən zaman onu döyüb. O, daha sonra videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.
Xatırladaq ki, ötən ilin yayında Ruslan və qardaşı Coşqun Quliyev onlara dövlət tərəfindən verilən 190 manatlıq birdəfəlik ödənişə qarpız alıb və hamısını əzərək, lentə almışdı. Daha sonra onların həmin pulu aidiyyəti üzrə sərf etmədikləri üçün üzr istəmələri ilə bağlı video da yayılmışdı.