Bir az yağış yağacaq, bir az dolu düşəcək…
“İNFONEWS” xəbər verir.
Azərbaycanda iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26°, gündüz 31-36° isti, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 758 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacağı gözlənilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.