“Qaranlıqda bir işıq” kitabı iki dildə çap olunub
“İNFONEWS” “AZƏRTAC” -a istinadən xəbər verir.
“Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Türkiyənin “İLESAM” təşkilatı tərəfindən toplanmış kitablar arasında Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) rəhbəri Mehmet Nuri Parmaksızın Ankarada nəşr olunmuş “Qaranlıqda bir işıq” (A Light in the Darkness) adlı kitabı da yer alıb.
Türk və ingilis dillərində çapdan çıxmış kitaba hər iki dildə Azərbaycan yazıçısı, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli “Ön söz” yazıb. Kitab 2000 nüsxə ilə nəşr edilib və toplanan şeirləri də ingiliscəyə K.Nəzirli çevirib.
Bunu M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında İLESAM tərəfindən Azərbaycana gətirilmiş kitabların təqdimetmə mərasimində təşkilatın sədri, türk şairi və filosofu Mehmet Nuri Parmaksız söyləyib.
“Qaranlıqda bir işıq” Mehmet Nurinin fəlsəfi şeirlər toplusudur, məzmun və forma etibarıyla böyük Ruminin coşqu və sevgi dolu şeirlərini, bir qədər də Şəms Təbrizinin ruhunu xatırladır. Kitaba toplanmış “Oyan, ey insan, oyan”, “Sükut quşu”, “Pərdə”, “Ruzgar”, “Gecəni gündüzə boyayıram”, “Açılacam dünyaya”, “Ölümün içindəki ölüm”, “Göz yaşlarıyla yuyulan xəyal” və s. şeirlər qoca Şərqin dahi şairlərindən sayılan Mövlana Cəlaləddin Ruminin məsnəvi, rübai və qəzəllərindəki dərin fəlsəfi fikirlərin və mənəvi-əxlaqi dəyərlərin daha anlaşıqlı başa düşülməsinə kömək edir. “Allaha çatacaq çox yol var, mən bunlardan Eşqi seçdim” deyən Mövlananın ruhuna sadiq qalan Mehmet bəy öz əsərlərində Allaha sevgini anlatmağa çalışır, insanları bu ilahi varlığa yaxınlaşmağa səsləyir. Böyük qüdrət sahibinə olan eşq onun yaratdığı hər şeyə sevgiylə, qayğıyla yanaşmağı tələb edir, kamil insan bunu anlamalıdır. Kitabda toplanan şeirlərin əsas məğzi də bundan ibarətdir”, – deyə kitabın tərcüməçisi və “Ön söz” müəllifi Kamran Nəzirli bildirib.
“Qaranlıqda bir işıq” ofset üsulu ilə Türkiyənin Əfsun Nəşriyyat və Yayın Evində nəşr edilib. Kitabın redaktoru H. Ömer Ünal, naşir və baş redaktoru Arif Dəmirbaş, baş kordinatoru Nelihan Gürsoydur.