Tokio Olimpiya Oyunlarından növbəti yoluxma xəbəri
“İNFONEWS” xəbər verir.
Tokio Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında daha 18 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.
Bu barədə Oyunların təşkilat komitəsinin saytında avqustun 3-də yerləşdirilən hesabatda bildirilir. Onlardan birinin sinxron üzgüçülük üzrə Yunanıstan komandasının üzvü olduğu qeyd edilir. Hazırda həmin idmançı karantinə alınıb.
Beləliklə, Oyunlarla əlaqəli şəxslər arasında ümumi yoluxanların sayı 294 nəfərə çatıb. Həmçinin iyulun 1-dən Olimpiya Oyunlarına hazırlıq və yarışların gedişində 500 mindən çox koronavirus testi götürüldüyü qeyd edilir.
Xatırladaq ki, ümumi epidemioloji vəziyyət ağır olduğuna görə Yaponiya hökuməti Tokioda fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Buna görə də avqustun 8-də başa çatacaq Olimpiadaya azarkeşlər buraxılmırlar.