“Türk Dövlətləri Birliyi” kitabı özbək dilində çapdan çıxdı
“İNFONEWS” AZƏRTAC -a xəbər verir.
Azərbaycan Milli Məclisinin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” kitabı Daşkənddəki “Renessans press” nəşriyyatında özbək dilində nəfis tərtibatla çap olunub.
Kitabı orijinaldan tanınmış jurnalist Rüstəm Cabbarov tərcümə edib.
Kitabı çapa hazırlayan və “Ön söz”ün müəllifi “AZƏRTAC” -ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlidir.
Əsər “Tarixdən doğulan gələcək”, “Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi”, “Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri”, “Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti”, “Sarsılmaz təməllər üzərində və Türk Dövlətləri Birliyinin strategiyası” fəsillərindən ibarətdir və müəllif bu günün tələblərinə uyğun olaraq əsərin özbək variantı üçün yeni faktlardan istifadə edib.
Kitab türk dünyasının taleyi ilə bağlı ən aktual problemə – Türk Dövlətləri Birliyinin yaradılması ideyasına həsr olunub. Əsərdə bu problemin fundamental əsasları araşdırılır, türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti, dünya mədəniyyətinin, Böyük İpək yolu siyasətinin, Avrasiya geosiyasətinin inkişafı tarixində türklərin rolu, Avrasiyanın “Türk konsensusu” yeni yanaşma kontekstində təhlil edilir.
Kitabda 315-ə qədər ədəbiyyat və qaynaqdan istifadə olunub ki, bunun da əksəriyyəti türk, ingilis, rus və digər xarici mənbələrdir.