Güzəştli mənzillərin demo qaydada seçiminə başlanıldı
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) regionda ilk layihəsi – Sumqayıt şəhərində inşa olunmuş güzəştli mənzillərin satışı ilə əlaqədar olaraq bu il iyulun 17-də istifadəyə verilmiş “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasından bu günə qədər 1 803 nəfər 2 502 dəfə istifadə edib.
Məlumata görə, “Güzəştli mənzil” sistemində elektron kabineti olan vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Elektron İmza” (www.e-imza.az) və yaxud “Asan İmza” (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasından istifadə edə bilərlər.
Bu xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.
Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 16 avqust 2021-ci il tarixi saat 00:00-a qədər aktiv olacaq.
Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı 17 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-a qədər davam edəcək.
Vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək və ya Bakı şəhərində yerləşən 1 saylı “ASAN Kommunal”, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt və Gəncə şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Güzəştli mənzil” (MİDA) pəncərələrinə yaxınlaşaraq xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.