Elm və innovasiya fəaliyyətinə maraq göstərənlər üçün TÖHFƏ
“İNFONEWS” xəbər verir.
Hörmətli alim, professor Arzu Hüseynovanın “ELM və İNNOVASİYA FƏALİYYƏTİ: ölçmə və qiymətləndirmə” kitabı işıq üzü görüb.
Qeyd edək ki, Arzu Hüseynova İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun rəhbəri və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Rəqəmsal iqtisadyyat və İKT” kafedrasında professorudur.
“Elm və innovasiya fəaliyyətinin açıqlanması və qiymətləndirilməsinin ənənəvi formaları universal deyillər. Kitabda elm və innovasiya nədir sualına cavab axtarılıb, onların fəaliyyətinin ölçmə və qiymətləndirilməsinin metodologiya və üsulları təqdim edilib. Eləcə də, kitabda elm və innovasiya anlayışları açıqlanıb, hər iki anlayışın təsnifatı təqdim edilib. Bu gün bir çoxlarının maraq dairəsi olan milli innovasiya sistemi və elmşünaslıq, elmmetriya, bibliometriya, elmi istinadlar və ölçmə indeksləri haqqında geniş məlumat verilib, elmi istinad bazaları, onlardan istifadə qaydaları və iş prinsipləri üzrə arayışlar təqdim edilib. Elm və innovasiya fəaliyyətinin qiymətləndirilməsi üzrə monitorinq sisteminin konsepsiyası təklif edilmişdir.”
Bunu müəllif kitab haqqında məlumatında yazıb.
Prof.Arzu Hüseynova xaricdə – Avropa, eləcə də MDB ölkələrinin əksəriyyətində 100-ə yaxın beynəlxalq və yerli forum, seminar və konfransda iştirakçısı, rеspublikada və хaricdə çap olunmuş 150 еlmi məqalənin, 3 monoqrafiya, 5-dən çox dərs vəsaitinin, 3 müəlliflik şəhadətnaməsinin və s. müəllifidir. İlk dərs vəsaiti Samarada çap edilib ki, bu, Rusiya, Ukrayna, Belarusiya və s. unversitetlərinin akademik və tədris vəsaiti kimi istifadə edilir. Böyük fəxrlə Prof.Arzu Hüseynovanın Azərbaycanın və bir sıra xarici jurnalların redaksiya heyətinin üzvü, Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkzinin (ICSTI) eksperti olmasını vurğulamalıyıq.
“İNFONEWS” komandası adından hörmətli alimimizi yeni kitabının akademik oxucu auditoriyasına təqdim etməsi münasibəti ilə təbrik edir, həm şəxsi həyatında, həm də elmi yaradıcılığında uğurlar arzu edirik.