Azərbaycan səfirinin müsahibəsi Perunun “Expreso” qəzetində
“İNFONEWS” xəbər verir.
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Peruya səfəri zamanı ölkənin nüfuzlu “Expreso” qəzetinə müsahibə verib.
Ölkəmizin Meksikadakı səfirliyindən bildirilib ki, müsahibə zamanı Perunun yeni seçilmiş Prezidenti Pedro Kastiyonun ölkədə akkreditə olunmuş diplomatik korpusla görüşdə iştirak etmək üçün bu ölkənin paytaxtı Lima şəhərinə səfəri haqda məlumat verən səfir, seçkilərdəki qələbə və Perunun müstəqilliyinin 200 illik yubiley tarixinin qeyd edilməsi ilə bağlı ölkənin dövlət başçısı və xalqına Prezident İlham Əliyevin təbriklərini çatdırıb. Azərbaycanın Peru ilə bütün sahələrdə əlaqələrini daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. Qeyd edilib ki, diplomatik korpusla görüş çərçivəsində Peru Prezidenti ilə keçirilmiş qısa söhbət zamanı dövlət başçısı da öz ölkəsi ilə Azərbaycan arasında münasibətlərin önəmini qeyd edib.
Azərbaycan və Peru arasındakı əlaqələrdən bəhs edilərək, ölkələrimiz arasında həm ikitərəfli həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə məlumat verilib, bu xüsusda BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı Perunun hər zaman beynəlxalq hüququ, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi və bunun ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Həmçinin parlamentlərarası əlaqələr sahəsində fəallıq diqqətə çatdırılıb, enerji sektoru, nəqliyyat, ticarət, elm, təhsil, gənclər və sair qarşılıqlı maraq doğuran istiqamətlərdə birgə fəaliyyətin davam etdirilməsi üçün gözləntilərin olduğu bildirilib.
Müsahibə zamanı Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə haqda və 44 gün davam etmiş Vətən müharibəsinin nəticələri haqda məlumat verilib, regionda sülhün möhkəmləndirilməsi üçün tərəflərin qarşılıqlı olaraq beynəlxalq hüquqa, biri-birinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmasının vacibliyi vurğulanıb. Azərbaycan Prezidenti tərəfindən ölkəmizin Ermənistanla sülh haqqında müqavilə imzalamağa hazır olması barədə bəyanatına baxmayaraq, qonşu ölkənin təxribatçı addımları barədə söz açılıb, “revanşist” və təcavüzkar ritorikanın davam etdirməsinin təəssüf doğurduğu və sülh və təhlükəsizliyə mane olduğu bildirilib.
Səfir, həmçinin ölkə rəhbərliyi tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində ölkəmizin müstəqillik dövründə nail olduğu iqtisadi inkişaf barədə danışıb. Azərbaycan Prezidentinin təşəbbüsü olmuş və uğurla həyata keçirilmiş “Qara qızılı insan qızılına çevirək” proqramından danışılıb, neft gəlirlərinin intellektual kapitala çevrilməsi, turizm, informasiya texnologiyaları və qeyri-neft sektorunun digər sahələrində inkişaf, həmçinin Azərbaycanın təşəbbüsü və liderliyi ilə regionda uğurla həyata keçirilmiş dünya miqyaslı beynəlxalq enerji və nəqliyyat layihələri barədə məlumat verilib.
Müsahibədə Azərbaycan tarixindən məlumat verilərək ölkəmizin Şərqdə ilk demokratik respublika olması, habelə dünya ölkələri arasında qadınlara səsvermə hüququ vermiş ilk ölkələrdən biri olduğu bildirilib. Ölkəmizin müasir dövrdə fəal xarici siyasət həyata keçirməsi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması, hazırda isə Qoşulmama Hərəkatına sədrlik etməsi onun beynəlxalq arenada yüksək nüfuza malik olması qeyd edilib, multikulturalizm və mədəniyyətlər arasında dialoq mövzusunda ölkəmizin müstəsna töhfəsindən xəbər verilib.
Daha sonra Azərbaycanın COVID-19 pandemiyasına qarşı aparılan beynəlxalq mübarizəyə verdiyi töhfədən söz açılıb, Qoşulmama Hərəkatının sədri qismində bu mövzuda Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü barədə danışılıb.