Aqil Abbas: “Bizə səhiyyə naziri lazımdırmı?!”
“İNFONEWS” “Adalet.az” -a istinadən xəbər verir.
BİZƏ SƏHİYYƏ NAZİRİ LAZIMDIRMI?!
5 aydır səhiyyə naziri Oqtay Şirəliyev vəzifədən götürülüb və kreslosu boşdur. Bu kreslonun doluluğu bilinmədiyi kimi, boşluğu da heç bilinmir. Arada dövlət büdcəmiz təxminən bir 20 min manat irəli düşüb, yəni nazir maaşını alan yoxdu.
Deyirəm, varlığı ilə yoxluğu bilinmədiyinə görə bəlkə bizə heç səhiyyə naziri lazım deyil? Və ümumiyyətlə, heç Səhiyyə Nazirliyi lazım deyil?
Deməli, səhiyyəmizlə üç təşkilat məşğuldur: TƏBİB, Tibbi Sığorta və Səhiyyə Nazirliyi. Böyük-böyük nazirlikləri və komitələri bir nazirlikdə birləşdirdiyimiz halda, bir nazirliyi üç yerə bölmüşük. O nazirliyi ki səhiyyəni elə bir günə qoyublar ki, həm özləri, həm də yüksək vəzifəli dövlət məmurları bu nazirliyə etibar etmir, xaricə müalicəyə gedir.
Bir dəfə Oqtay Şirəliyevə hansısa qəzet hansısa bir məsələ ilə bağlı zəng etmişdi, cavab vermişdi ki, Almaniyada müalicədəyəm, gələndə danışarıq.
Deməli, Təcili Yardımı vermişdilər TƏBİB-ə. Sonra Səhiyyə Nazirliyi maya qoydu, aldılar verdilər Səhiyyə Nazirliyinə. Maraqlıdır, elə deyilmi?
Bu gün pandemiya ilə mübarizə aparan əsas təşkilat TƏBİB-dir. Hamı TƏBİB-dən umur, küsür. Səhiyyə Nazirliyi barədə bir kəlmə də yazan yoxdur, çünki olmayan şey barədə nə yazsınlar?
Bəlkə nazirliyin bütün səlahiyyətləri TƏBİB-ə verilsin, görün onda dövlət büdcəsi nə qədər xeyir görəcək.
Ölkədə islahatlar gedir, dedik bir təklifi də biz verək.
Onu da qeyd edim ki, TƏBİB-ə heç bir işim düşməyib, inşallah da düşməz. Bunu harasa yozmayın.