Növbəti TOEFL iBT imtahanı keçiriləcək
“İNFONEWS” xəbər verir.
Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) TOEFL iBT imtahanları avqustun 28-də Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında iki növbədə təşkil olunacaq.
DİM-dən bildirilib ki, birinci imtahan saat 9:00-da, ikinci imtahan saat 14:00-da başlanır. Birinci imtahana gəlməli olan şəxslər saat 8:00-dan, ikinci imtahana gəlməli olan şəxslər isə saat 13:00-dan gec olmayaraq aşağıda qeyd edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə (imtahan iştirakçısı müvafiq bəyannaməni çap edərək imzalanmış şəkildə gətirməlidir).
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaqdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses boyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.