Beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi maraq doğurub
“İNFONEWS” xəbər verir.
Özbəkistan Respublikasının müstəqilliyinin 30 illiyinə həsr olunmuş “Yeni dövr və Özbəkistanın inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda ölkəmizi AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini akademik Şahin Mustafayev təmsil edib.
Bu barədə Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, azərbaycanlı alim konfransda “Mərkəzi Asiyada renessansın tarixi təcrübəsi və Özbəkistanın müasir inkişafının perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Şahin Mustafayev “Müsəlman renessansı” adlandırılan tarixi fenomenə Mərkəzi Asiya mənşəli alim və filosofların verdikləri misilsiz töhfədən söz açıb, bu dövrdə rasional düşüncə və insan zəkasına verilən dəyəri təhlil edib, müasir dövrdə Özbəkistanda irəli sürülən “yeni renessans” konsepsiyasında qeyd olunan dəyərlərin üstünlük təşkil etməsi zərurətini vurğulayıb. Azərbaycanlı alimin səsləndirdiyi fikirlər konfrans iştirakçılarının marağına səbəb olub.
Tədbirdə Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik Bekzod Yuldaşev, Rusiya Elmlər Akademiyasının prezidenti akademik Aleksandr Sergeyev, Qazaxstan Elmlər Akademiyasının prezidenti akademik Murat Jurinov, Özbəkistanın bir sıra dövlət və elm xadimləri, xarici ölkələrdən tanınmış alimlər iştirak ediblər.
Elmi konfransın əsas məqsədi 30 illik müstəqillik dövründə Özbəkistan Respublikasının ictimai, iqtisadi, elmi və mədəni sahədə əldə etdiyi nailiyyətləri nəzərdən keçirmək, qloballaşma və pandemiya dövründə ölkə qarşısında duran yeni problemlər və gələcək inkişaf perspektivlərini təhlil etmək olub.