“Qarğabazar”in yol infrastrukturu minalardan təmizlənir
“İNFONEWS” xəbər verir.
Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri Füzuli rayonunda Minatəmizləmə Agentliyinin nümayəndələri ilə görüşüb, minalanmış sahələrin təmizlənməsi prosesini izləyiblər.
Xarici jurnalistlər Füzuli-Cəbrayıl yolunda minatəmizləmə işləri ilə tanış olublar.
Bildirilib ki, hazırda Qarğabazar istiqamətində yol infrastrukturunun minalardan təmizlənməsi aparılır. Ümumi uzunluğu 12 kilometr olan yol üç hissəyə bölünməklə təmizlənir. Birinci hissə – 180 minkvadratmetr ərazi təmizlənərək təhvil verilib. Hazırda yolun ikinci hissəsində 316 min kvadratmetr sahənin 289 min kvadratmetrində işlər yekunlaşıb və 174 ədəd mina və partlamamış silah-sursat aşkarlanıb. Növbəti mərhələdə isə yolun üçüncü hissəsi təmizlənəcək. Ərazidə əsasən Rusiya istehsalı olan tank əleyhinə və Ermənistan istehsalı olan piyada əleyhinə minalar basdırılıb.
Həmçinin qeyd edilib ki, minatəmizləmə prosesi əsasən üç üsulla – əl ilə, mexaniki yolla və xüsusi təlim keçmiş itlər vasitəsilə aparılır.
Daha sonra xarici jurnalistlər ərazidə aşkar edilən mina və silah-sursatların bir qisminin parlatma yolu ilə zərərsizləşdirilmə prossesini izləyib.