Araz Supermarket əhalinin sağlamlığını niyə təhlükəyə atır?
“Siz harada, Araz orada!” və “Yurdumuzun doğma marketi “Araz” Supermarketlər şəbəkəsi müştəri məmnuniyyətini hər şeydən üstün tutur!” devizi ilə xalqa, öz sözləri ilə desək “xidmət” edən “Araz” Supermarketlər şəbəkəsi barədə son dövrdə böyük narazılıqlar yaranıb. Maraqlıdır, ölkənin ən böyük market şəbəkələri arasında öz yeri olan sözügedən qurum niyə müştərilərini təhlükəyə atır? Hər gün əhalinin olduqca böyük hissəsindən gəlir əldə edən bu qurum niyə öz işini keyfiyyətlə təşkil edə bilmir? Niyə müəssisənin işinə aidiyyatı orqanlar tərəfindən yetərincə nəzarət olunmur?
“İNFONEWS” olaraq, bu məsələyə diqqət ayırmaya bilməzdik. Son vaxtlar vətəndaşlardan daxil olan şikayətlər, eləcə də əməkdaşlarımızın şahid olduqları nöqsanlar, “İctimai Nəzarət Mərkəzi”mizin qeydə aldığı faktlar bizi bu yazını dərc etməyə vadar etdi. Qeyd etməliyik ki, komandamızın əməkdaşları da “Araz” Supermarketlər şəbəkəsinə məxsus olan mağazaların daimi müştəriləridir və gündəlik alış-verişi oradan edirlər.
Keçək əsas məsələyə:
Sözügedən şəbəkəyə məxsus marketlərdən alış-veriş edən şəxslər mağazaya daxil olarkən xüsusi karantin rejiminin tələblərinə riayət olunmaması ilə dəfələrlə qarşılaşıblar. Hər şey bir yana, pandemiyanın növbəti dalğasının tüğyan etdiyi dövrdə mağazaların girişində dezinfeksiya məhlulu qabına spirt tərkibli gigyenik məhlul əvəzinə adi su tökülüb, əhaliyə təqdim edilməsi halı ilə qarşılaşmamış olmazsınız. Dəfələrlə mağaza rəhbərliyinə, məsul menecerlərə əməkdaşlarımız tərəfindən bununla bağlı müraciətlər edilsə də, bu hal olduğu kimi qalmaqdadır. Bəs görəsən karantin rejiminə riayət edilməsinə nəzarət etməli aidiyyatı qurumlar hara baxır?
Növbəti məsələ isə…
Şəbəkənin marketlərində istifadə müddəti bitmiş məhsulların vitrinlərdən yığışdırılmaması, günlərlə qalması ilə hərəniz azı bir dəfə də olsa qarşılaşdığınıza adımız kimi əminik. Eləcə də, bizim “ictimai nəzarətçilər” bu vəziyyətə şahid olunlar. Həm də bir yox, dəfələrlə. Qeyd edək ki, belə ciddi məsələ ilə bağlı hər dəfə market inzibatçılarına xəbərdarlıq edilib və bu məsuliyyətsizlik aradan qaldırılıb. Amma nə qədər olar? Səhv bir dəfə olar, unutqanlıq, gözdən qaçmaq, təsadüfən kənarda qalmaq bir dəfə yaşana bilər… Belə görünür ki, müəssisə rəhbərliyi öz işinin öhdəsindən lazımınca gələ bilmir.
“İNFONEWS”-a daxil olmuş foto faktlardan açıq şəkildə görsənir ki, Yasamal rayonunda 21 saylı məktəbin yaxınlığında yerləşən “Araz” Supermarketdə əhaliyə satılan çörək istifadə müddətini çoxdan tamamlayıb və artıq xalq arasında desək “kiflənib”. Buna “əhalinin sağlamlığını birbaşa təhlükəyə atmaq və istehlakçıların hüquqlarını kobud şəkildə pozmaq”dan başqa nə ad qoymaq olar?!
Bununla bağlı qanunvericiliyə nəzər salaq:
İnzibati Xətalar Məcəlləsi Maddə 447. İstehlakçıların hüquqlarının pozulması
447.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni:
447.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına görə –
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Fotofaktları təqdim edirik:
Qarşı tərəfin mövqeyini vicdanla işıqlandırmağa hər zaman hazırıq.
AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU