Mən Şəhid olsaydım heç vaxt razı olmazdım ki, övladım…
Vətən müharibəsi qazisi Bəhram Nuriyevin FACEBOOK səhifəsi vasitəsilə izləyicilərinə ünvanladığı ismarıcına “İNFONEWS” komandası olaraq, biganə qala bilmədik. Qazimizin bu gün yazdığı statusunu sizlərlə paylaşmağa qərar verdik.
Mətni olduğu kimi təqdim edirik:
Dostlar, sizə demək istədiyim sözüm var. Azacıq uzun yazacam, amma mümkünsə, sona qədər oxuyun! Götür-qoy elədim və nəticədə düşündüm ki, fikrimi sizlə də bölüşüm. Hər gün şəhərdə qarşımıza bu cür elanlar yazılmış dönərxanalar, qutab evləri, kafe, taksi, çörək mağazası çıxır.
Buradan həmin şəxslərdən, əgər yazdığım bu postu görən varsa, onlardan xahiş edirəm ki, belə ucuz reklamları vitrinlərindən yığışdırsınlar.
Heç bir Şəhid uşağı gəlib dönərxananın qarşısında “əmi, mən şəhid övladıyam, mənə dönər ver”, – deyib 1-2 manatlıq dönər istəməyi və yaxud 3 manatlıq yolu ucuza getməyi, ya da vitrindən pulsuz çörək almağı qüruruna sığışdırmaz.
Başa düşmək olar ki, həmin obyekt yiyəsi hansısa harın məmurdan fərqli olaraq, öz vətənpərvərlik duyğusuna qapılıb, yaxud da şəhidlərə hörmət olaraq bunu yazıb. Ama şəhid övladı dilənçi deyil ki, gəlib vitrinin qabağında nəsə istəsin.
Bu gün Elnur Əliyev kimi adlarını çəkmədiyim onlarca mərd vətənpərvər insanlar var ki, gecəsini gündüzə qatıb hesab açıb, pul yığıb, yığılan vəsaitlə lazımı əşya və yaxud ehdiyacı olan qazı, şəhid övladlarının birbaşa ayağına qədər gətirir, onların dərdinə şərik çıxır. Ehdiyac sahibləri də birbaşa portaldan qeydiyyatdan keçir və zərrə qədər də olsun kiminsə qüruruna toxunulmur.
Sən dönər vermək isdəyirsən ərazidəki Şəhidləri və övladlarını tanıyırsansa, öz vətənpərvərlik duyğunla apar evlərinə, bir bağlama dönər hədiyyə et qayıt.
Bu, sadəcə, mənim düşüncəmdir. Ola bilsin ki, bu cür hallara səhv prizmadan baxıram. Ona görə də xahiş edirəm ki, səhvimi düzəltməkdə kömək edəsiniz.
Ama bir daha onu da demək isdəyirəm ki, mən Şəhid olmağı çox arzu etdim, qismət olmadı. Amma Şəhid olsaydım heç vaxt razı olmazdım, övladım 1.5 qəpiylik dönəri gedib mənim adımdan isdifadə edib kimdənsə dilənsin.