“Diqqət Mərkəzi: ŞƏHİDLƏR” – Şəhid baş gizir İntiqam Abbasov
“İNFONEWS” təqdim edir.
Azərbaycan Gənclik Platformu (AGP), “İNFONEWS” Operativ İnformasiya Agentliyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə “Diqqət Mərkəzi: ŞƏHİDLƏR” layihəsinin bugünki qonağı Şəhid baş gizir İntiqam Abbasovun həyat yoldaşı Sifayə xanımdır.
21 sentyabr 1978-ci ildə Masallı rayonunun Köcəkli kəndində dünyaya göz açan İntiqam Abbasov 2000-ci ildən Azərbaycan Ordusu sıralarında xidmət edib.
Şəhidimiz nümunəvi hərbçi olmaqla bərabər, qayğıkeş ailə başçısı, qızı Xədicə və oğlu Əlini hədsiz sevən ata idi. Həmçöbətimiz Sifayə xanım söhbət əsnasında nəmli gözlərində bir həyəcan təbəssümü ilə İntiqamla tanışlığından danışdı. Qeyd etdi ki, İntiqam ilə ilk dəfə onun fotoqraf kimi çalışandığı zamanlarda tanış olublar; belə ki, həyat yoldaşı onun şəkilini çəkib və bundan sonra heç ayrılmayıblar, görüşməyə başlayıblar… 20 illik ailəsini, canı qədər sevdiyi övladlarını Vətənə əmanət edib getdi.
Sifayə Abbasova:
“Övladlarının cəmiyyətə xeyirli, tərbiyəli böyüməsini, ən əsası isə, onları vətənpərvər olmalarını istəyirdi və həmişə böyüklərə hörmətlə davranmalarını söyləyirdi. Arzuları çox idi… Ən böyük arzusu qızımız Xədicənin universitetə qəbul olması idi. Xədicəni özü universitetə aparıb-gətirməyi arzulayırdı, hətta məzuniyyətə də çıxmırdı, saxlamışdı dərslər başlayana. Çox təəssüf olsun ki, apara bilmədi…
Oktyabrda təqaüdə çıxmağını ailəlikcə gözləyirdik. Ailəvi Kərbəla ziyarətinə getməyi düşünürdük”.
Sifayə xanımın dediklərinə görə, sentyabrın 26-dan son dəfə telefonla danışana qədər İntiqam elə bil ürəyinə dammış kimi, onları şəhid olacağı fikrinə alışdıraraq, onları bu xəbərə hazırlayırmış kimi danışırdı. Həmin gün sanki vidalaşırmış kimi övladlarına ali təhsil almaları və eləcə də müxtəlif arzu-istəklərini söyləyir.
“Həmin günü heç vaxt unutmayacağıq, çünki bu telefon əlaqəsi bir fərqli, başqa cür idi”, – Sifayə Abbasova vurğulayır.
Son dəfə həyat yoldaşı ilə 28 sentyabrda əlaqə saxlayıb. Elə bu da sonuncu danışığı olub…
Azərbaycan Ordusunun baş giziri olan İntiqam Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İntiqam Abbasov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Köcəkli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Sonda Sifayə xanım Azərbaycanın Şəhidlərinin həyat yoldaşlarına üz tutub deyir:
“Şəhid yoldaşı olmaq çox çətindir, amma çox fəxrli, çox qürurvericidir. Xüsusilə də övladlarımızı Şəhid atasının adına layiqli, tərbiyəli, savadlı, vətənpərvər böyütməliyik. Hər bir Şəhid övladı alnıaçıq, üzüağ, başını dik tutaraq, ayaqda durmağı bacarmalıdır”
Şəhidlərimizi yaşadaq ! – “Şəhidlər vurulan zaman deyil, unudulan zaman ölürlər!”