Distant təhsilin təşkili metodikasına dair təlim keçirilib
“İNFONEWS” xəbər verir.
Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən “Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı” çərçivəsində “Ümumi və tam orta təhsil səviyyəsində distant təhsilin təşkili metodikası” mövzusunda təlimlər keçirilib.
İnstitutdan bildirilib ki, təlimlər müəllimlərin “Microsoft Teams” platformasında mövcud bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub.
Altı günü əhatə edən təlim zamanı iştirakçılara distant təhsil modeli, distant dərsin resurslarla təminatı, virtual məktəbə inteqrasiya olunan əlavə alətlər, virtual dərslərdə qiymətləndirmə mexanizmi və alətləri mövzularında məlumat verilib və onlar adıçəkilən mövzular üzərində praktik olaraq işləmək imkanı qazanıblar.
Təlim iştirakçıları prosesin texniki tərəfi ilə yanaşı, distant sinif mühiti, bu mühitdə şagirdlərə individual yanaşma, onları prosesə cəlbetmə və digər məsələlərlə bağlı məlumatlandırılıb.
Qeyd edək ki, növbəti mərhələdə bu təlimlərin ölkə üzrə fənn müəllimlərinə keçirilməsi planlaşdırılır.