Anım Günü ilə əlaqədar Heydər məscidində vəhdət namazı qılınıb
“İNFONEWS” xəbər verir.
Sentyabrın 27-də Heydər məscidində 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib. Qılınan səhər namazından əvvəl Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, vəhdət namazı qılınıb, dualar oxunub.
Anım mərasimində iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin sədri hacı Sabir Həsənli Azərbaycan xalqına bu Qələbəni bəxş edənlərin Müzəffər Ali Baş Komandanımızın, Ordumuzun, şəhidlərimizin olduğunu deyib. 44 günlük Vətən müharibəsində başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusu Zəfər çalaraq tarixdə yeni səhifə açdı, misli görünməmiş Qələbə qazandı. Xalqımız xoşbəxt xalqlardan biridir. Çünki onun on illər davam edən arzusunu gerçəkləşdirən Lideri var. Bu Qələbənin memarı isə ulu öndər Heydər Əliyevdir. 1993-cü ildə xalqımız Ümummilli Liderə müraciət edərək onu Azərbaycana dəvət etdi. Ulu Öndər müstəqil Azərbaycanı yenidən qurdu.
Hacı Sabir qeyd edib ki, Vətən yolunda şəhid olanlar Allah yanında ən yüksək məqamdadırlar. Həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin. Sünni və şiə məzhəbində olanlar bu gün şəhidlərimizin ruhuna birlikdə dualar etdilər.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini xatırladıb ki, ulu öndər Heydər Əliyev Kəbədə olarkən torpaqlarımızın işğaldan azad edilməsi üçün dualar edib. Sonrakı dövrlərdə Kəbədə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Qarabağın azad olunması, şəhidlərimiz, Azərbaycan üçün dualar ediblər. Bu gün xalqımız İlham Əliyev kimi Prezidenti olduğuna görə Allaha şükür edir. Dövlətimizin başçısı tarixdə daim böyük fateh kimi qalacaq. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada özünü qalib xalq hesab edir və bundan qürur duyur. Biz qalibik. Bu qalibiyyəti bizə Müzəffər Ali Baş Komandanımız, rəşadətli Ordumuz bəxş edib. Buna görə Ali Baş Komandana, Ordumuza təşəkkür edirik, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bu Qələbənin təkcə Azərbaycan müsəlmanlarının həyatında yox, dünya müsəlmanlarının həyatında hadisə kimi əhəmiyyəti var. Çünki 30 il ərzində ərazilərimizi işğal altında saxlayan işğalçı qüvvələr həmin ərazilərdəki dəyərlərimizə təcavüz edib, oradakı 67 məsciddən 65-i darmadağın edilib, digər müqəddəs ziyarətgahlarımız da təhqir olunub, məzarlıqlarımız yerlə-yeksan edilib. Həmin günlərdə və ondan sonra da Türkiyə və Pakistan kimi qüdrətli İslam ölkələrini yanımızda gördük.
Heydər məscidinin imam müavini Abdulla Əhmədov Azərbaycan Silahlı Qüvvələrində Milli Qəhrəman Mübariz İbrahimov adına postda xidmət etdiyini, hərbi xidmətdən qayıtdıqdan sonra Heydər məscidində çalışdığını deyib. Vətən müharibəsi başlayan ilk günlərdə könülü olaraq ordu sıralarında döyüşlərə qatıldığını bildirən imam müavini hərbçilərimizin qəhrəmanlıqlarının şahidi olub və düşmənin törətdiyi barbarlıqları, müqəddəs inanc yerlərini, məscidləri xaraba qoyduqlarını öz gözləri ilə görüb. O, gördüklərinin heç vaxt unutmayacağını, böyük Zəfərin xalqımızın, Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanı Prezident İlham Əliyevin şah əsəri kimi tarixə düşdüyünü qeyd edib.