Anım Günü Qarabağ bölgəsində silsilə tədbirlərlə qeyd edilib

Anım Günü Qarabağ bölgəsində silsilə tədbirlərlə qeyd edilib

27 sentyabr – Anım Günü Qarabağ bölgəsini əhatə edən rayonlarda silsilə tədbirlərlə qeyd edilib.

Anım Günü ilə əlaqədar şəhidlərinin xatirəsinə ucaldılmış abidələr, şəhid məzarlıqları və şəhid ailələri ziyarət edilib, müxtəlif tədbirlər, fləşmoblar, ağacəkmə aksiyaları keçirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb.

Tərtər

Tərtər rayonunda Anım Gününə həsr olunmuş tədbir “Şəhidlər” abidə kompleksinin qarşısında keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli məclisin deputatı Sahib Alıyev çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi şücaətdən, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan şanlı qələbədən danışıblar. Bildirilib ki, ötən ilin bu günü Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olundu. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edildi. Uzun illər mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadağın olundu. Ordumuz bütün cəbhə boyu irəlilədi və düşmən Azərbaycan əsgərinin qarşısında diz çökdü. 44 günlük döyüşlərdə bir çox yaşayış yerlərini atəşə tutan ermənilər sakinlərimizi qorxutmağa çalışsa da, buna nail ola bilmədi. Darmadağın olan düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin – əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Tədbirdə çıxış edən şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra məktəblilər tərəfindən vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib. Mərasim “Şəhidlər” abidə kompleksinin ziyarəti ilə yekunlaşıb.

Sentyabrın 27-də Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən küçədə əsaslı təmir işlərindən sonra barelyefinin açılışı olub. Həmin gün Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə yeni salınmış “Vətən bağı – Şəhidlər” parkında ağac əkmə aksiyası keçirilib.

Ağdam

Anım Günü münasibətilə Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının nümayəndələri, rayon ictimaiyyəti və şəhid ailələrinin üzvləri əvvəlcə ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini, Şəhidlər xiyabanını və digər yaşayış məntəqələrində dəfn olunan şəhidlərin məzarlarını ziyarət ediblər.

Şəhidlər Abidə Kompleksi önündə keçirilən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, şəhid ailələri çıxış edərək, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildiriblər. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğu vurğulanıb.

Sonda şəhidlərin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, ölkənin bütün ərazisində olduğu kimi saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib.

Bərdə

Bərdə şəhərindəki “Şəhidlər Xiyabanında” keçirilən anım mərasimində əvvəlcə Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Bərdə rayonunun raket atəşinə tutulması nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzülüb. Şəhidlərin xatirəsi yad olunub, ruhlarına dualar oxunub. Sonra Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarları üzərinə tər güllər düzülüb.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxışında bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmənin “Smerc” tipli raketlərdən zərbə endirdiyi Bərdə rayonunda da anım mərasimləri keçirilir, şəhidlərimiz Azərbaycandakı bütün dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunur.

Milli Məclisin deputatı Fatma Yıldırım çıxış edərək bildirdi ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi Şanlı Qələbə ilə başa çatdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin – əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Tədbirdə şəhid ailələrinin nümayəndələri çıxış edərək onlara daim qayğı ilə yanaşan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonra şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri müzəffər Ali Baş Komandana, Vətənə, şəhidlərimizə, əsgərlərimizə həsr olunmuş şeirlər söyləyiblər. Tədbir şəhidlərin xatirəsinə keçirilən ağac əkilməsi ilə davam etdirilib.

Ağcabədi

27 sentyabr – Anım Günü münasibətilə Ağcabədi rayon Şəhidlər xiyabanında keçirilən tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Sonra Ağcabədi rayon məscidinin axundu şəhidlərin ruhuna dualar oxuyub.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək ötən il, sentyabrın 27-dən başlanan və şanlı Azərbaycan ordusunun şanlı qələbəsi başa çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirib.

Milli Məclisinin deputatı Tahir Rzayev, şəhid valideynləri Mübariz Qəhrəmanov, Zülfiyyə Quliyeva, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı, I Qarabağ müharibəsi veteranı Ramil Nağıyev, Vətən müharibəsi iştirakçısı, ikinci qrup Qarabağ əlili Elşad Heydərov çıxışlarında Azərbaycan ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Şəhid övladlarının söylədikləri mübariz ruhlu şeirlər alqışlarla qarşılanıb. Sonra şəhid məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. Şəhidlər xiyabanına rəmzi olaraq 44 ağac əkilib. Ağcabədi rayonunda şəhidlərin dəfn olunduğu kənd məzarlıqları da daxil olmaqla 500-dək ağacın əkilməsi nəzərdə tutulub.

Saat 12.00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocavənd

Sentyabrın 27-də Xocavənd rayonunun ictimai-siyasi fəalları, daxili işlər orqanlarının əməkdaşları və hərbçilər Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Xocavənd qəsəbəsinin girişindən başlayaraq “Qəhrəmanlar parkı”na qədər izdihamlı yürüş təşkil olunub. Şəhid ailələrinin öndən addımladığı yürüşdə şüarlar səsləndirilib, şəhidlərin xatirəsi yad edilib. Yürüş iştirakçıları “Qəhrəmanlar parkı”nda şəhidlərin şəkli həkk olunmuş hissələrin önünə gül dəstələri qoyublar.

Prezidentin xalqa müraciətinə “Qəhrəmanlar parkı”ında kütləvi şəkildə baxılıb. İştirakçılar daha sonra şəhidlərin məzarlarını ziyarət edib, hər şəhidin adına ağac əkilib. Şəhidlərin məzarı yanında təşkil olunan tədbirdə Qarabağ müharibəsi iştirakçılarına, qazilərə söz verilib, bədii hissədə şagirdlər Azərbaycan ordusunun şanlı qələbəsi ilə bağlı şeirlər söyləyiblər.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Milli Məclisin deputatı Elman Məmmədov və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı şanlı qələbədən, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsindən danışıb, şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasında 500 ədəd ağac əkilib. Rayon məktəbliləri “Vətən var olsun” şüarı ilə flaşmob keçirib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir