Koronavirusun yeni ştammından qorunmaq üçün hansı tədbirlər görülməlidir?

Koronavirusun yeni ştammından qorunmaq üçün hansı tədbirlər görülməlidir?

Hazırda dünyada, həmçinin region ölkələrində COVID-19 virusuna yoluxma hallarının kəskin artması müşahidə olunur. COVID-19 virusunun yeni mutasiyası, “delta” ştammı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 yayılmağa başlayıb.

Ötən gün Rusiyada rekord yoluxma və ölüm halı qeydə alınıb. Son sutka ərzində 40 min yoluxma və 1159 ölüm hadisəsi baş verib.

Digər ölkələrə nəzər salsaq, vəziyyət heç də fərqli deyil. Son sutka ərzində Türkiyədə 26 mindən, Gürcüstanda 4 mindən, İranda isə 11 mindən artıq insan virusa yoluxub.

Azərbaycanda yoluxma artsa da bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan 45-cidir.

“İNFONEWS” xəbər verir ki, tibb elmləri namizədi, infeksionist Abidin Rəhimov məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, əhali vaksinasiya prosesindən yayınmamalıdır:

“Statistik məlumatlara görə, vaksinasiya prosesində iştirak edənlər yoluxduğu halda xəstəliyi yüngül keçirirlər. Azərbaycan postsovet ölkələri arasında vaksinasiya başlayan ilk ölkələrdən biridir. Lakin hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması, üçüncü doza vaksinasiyanın sürətləndirilməsi zəruridir. Bundan əlavə hər bir şəxs fərdi gigyenik qaydalara riayət etməli, sosial məsafə saxlamalı, qapalı məkanlarda maskadan istifadə etməlidir. Profilaktik tədbirlər hər zaman infeksion xəstəliklərə qarşı mübarizədə önəmli yer tutur. Bu səbəbdən qoyulan qaydalara ciddi riayət olunmalıdır.”

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 294 vaksin vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 518 912, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 154 936, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 363 976 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir