I ixtisas qrupu üzrə abituriyentlərə iki altqrup seçmək imkanı veriləcək
Dövlət İmtahan Mərkəzi 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər müraciət edib.
Mərkəzdən “İNFONEWS”-a verilən məlumata görə, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023/2024-cü tədris ili üçün keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər.
Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.