“Yeni Qarabağnamə – Qarabağ Azərbaycandır!” kitabı nəşr olunub

“Yeni Qarabağnamə – Qarabağ Azərbaycandır!” kitabı nəşr olunub

“İNFONEWS” xəbər verir.

Hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşarın yeni çapdan çıxmış sayca altıncı kitabı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Zəfərə həsr olunub. Uşaqlıq və gənclik illəri Şuşada və Ağdamda keçdiyindən, eləcə də Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğundan Cahangir Hüseyn Əfşar həmin ərazilərin tarixinə də yaxından bələddir. Müəllif bundan əvvəlki əsərlərində də Qarabağ mövzusuna geniş yer ayırmışdı.

Müəllif Alban–Aran dövlətindən başlayaraq Qarabağın qədim, orta əsrlər tarixi, bəylərbəylik və xanlıqlar dövrünü, Birinci və İkinci Qarabağ müharibələrini, Zəfər salnaməsini, regionun keçmişi, bu qədim diyarın xalqımızın ədəbiyyatında, mədəniyyətində, incəsənətində yerini ölkəmizdə və onun hüdudlarından kənarda baş vermiş ictimai-siyasi proseslərin fonunda araşdırıb. Eyni zamanda, ermənilərin ərazi iddialarını, işğalçılıq siyasətini, terror aktlarını çoxsaylı faktlarla ifşa edib. Əsər Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı videoformatda çıxışı və müəllifin Azərbaycan və erməni xalqlarına sülh müraciəti ilə tamamlanır.

Beş fəsildən ibarət olan kitabda, həmçinin Qarabağ münaqişəsinin yaranma səbəblərindən, nüfuzlu beynəlxalq qurumların ikili standartlarından, Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasından da bəhs olunur. Müəllif beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq konvensiyalara, xüsusilə BMT-nin dövlətlərin ərazi bütövlüyü haqqında sənədlərinə, həmçinin tarixi faktlara istinad edərək, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu oxucuların diqqətinə çatdırır və regionu heç bir vəchlə Azərbaycandan qoparmağın mümkün olmadığını vurğulayır. Qeyd edir ki, erməni tarixçiləri və siyasətçiləri uzun illər Alban tarixini saxtalaşdırmağa, hətta özününküləşdirməyə çalışsalar da, buna nail ola bilməmişlər.

Müəllif Azərbaycanın tarixi Qələbəsinə, cəmi 44 gün davam edən Vətən müharibəsinə geniş yer ayırıb. Bu müharibədə böyük şücaət göstərmiş qəhrəman Ordumuzun, qalib sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi sayəsində qazanılan Qələbəni Azərbaycan tarixinə yazılmış şanlı səhifə kimi qələmə verir. Dünyanın əksər dövlətlərinin və bir sıra beynəlxalq təşkilatların Ermənistana havadarlıq etmələrinə baxmayaraq, Prezident İlham Əliyevin bu təzyiqlərə sinə gərməsini yüksək dəyərləndirir. Bu tarixi Qələbə bir daha sübut etdi ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusundan biridir. Müəllif Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa ayrı yolunun qalmadığını da oxucuların diqqətinə çatdırır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir