Körpələr evi-uşaq bağçasının müdiri barəsində cinayət işi məhkəməyə göndərilib
“İNFONEWS” xəbər verir.
Astara rayonunun Suparibağ kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Gülnarə Məcidovanın qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilib ki, istintaqla Gülnarə Məcidovanın həmin vəzifədə işləyərkən 2017-2020-ci illərdə rəhbərlik etdiyi müəssisənin üç işçisinin faktiki olaraq işə gəlməyərək əmək funksiyalarını icra etməməsinə baxmayaraq, müvafiq rəsmi sənədlərə onların guya işə çıxması və əməkhaqqı almasına dair bilə-bilə yalan məlumatlar daxil etməsinə, bu yolla da özündə saxladığı həmin şəxslərin adlarına olan əməkhaqqı kartlarına köçürülmüş ümumilikdə 14 min manat məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
İş üzrə toplanmış sübutlar əsasında Gülnarə Məcidovaya Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Dəymiş ziyan istintaq zamanı tam ödətdirilib.