“Qızlar seminariyası-2” proqramına yekun vurulub
“İNFONEWS” xəbər verir.
Azərbaycan Gənclər Fondunun maliyyə, Gənclər üçün Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə keçirilmiş 13-cü qrant müsabiqəsinin qalibi Rəna Süleymanlının vətəndaş cəmiyyətində qızların fəal iştirakının artırılmasına həsr edilmiş “Qızlar seminariyası-2” proqramına yekun vurulub.
Bu barədə Azərbaycan Dillər Universitetindən məlumat verilib. Bu münasibətlə keçirilən tədbirdə Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, maarifçilik tariximizdə, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin böyük rolu olub. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan xalqımızın tərəqqisində yaxından iştirak edərək Cümhuriyyət fəallarından olub. Seminariyanın məzunlarından Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda “Qadın Xeyriyyə Cəmiyyəti”ni yaradan Liza Muxtarova vətəndaş cəmiyyətinin inkişafında qadınların iştirakının artırılmasında əvəzsiz xidmət göstəriblər. Məhz “Qızlar seminariyası” proqramı bu tarixi ənənələrin qorunmasında və gələcək nəsillərə ötürülməsində əhəmiyyətli rol oynayıb.
Qeyd edilib ki, ümumilikdə altı görüşdən ibarət “Qızlar seminariyası-2” proqramında təhsilli qadın, qadınların ictimai həyatda və siyasətdə, mədəniyyətimizin inkişafında rolu, qadın sağlamlığı və s. mövzularda tanınmış psixoloq və ictimai-siyasi xadimlərlə görüşlər keçirilib.
Sonda idarəetmə bacarıqlarına yiyələnməsi yönümündə təlimlərdə davamlı iştirak edən 300 xanım iştirakçı diplomla təltif olunub.