“İrəli” İctimai Birliyinın “İZ” layihəsinə qeydiyyat başlayıb
“İNFONEWS” xəbər verir.
Gənclərdə hərbi vətənpərvərlik hisslərinin formalaşması və onların hərtərəfli inkişafı sahəsində fəaliyyət göstərən “İrəli” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “İZ” layihəsinin qeydiyyatını açıq elan edir.
İctimai Birlikdən bildiriblər ki, dekabrın 8-dən 12-dək Azərbaycanın dilbər guşələrindən olan Lənkəran şəhərində keçiriləcək layihə çərçivəsində gənclər ölkəmizin tarixdə qoyduğu izləri dərindən araşdıraraq mədəniyyət, tarix, komanda quruculuğu və digər bu kimi mövzular üzrə təlim və seminarlarda iştirak edəcəklər.
İlkin qeydiyyat və müsahibə mərhələlərində məqbul nəticə göstərmiş, 17-25 yaş aralığında olan gənclər sırasından gender balansı qorunmaqla seçiləcək iştirakçılar 5 gün müddətində öncədən elan edilən mövzularla yanaşı, idman yarışları və praktiki sessiyalarda öz bacarıqlarını nümayiş edəcəklər. Həmçinin layihə müddətində müxtəlif oyunların və ictimai müzakirələrin də keçirilməsi nəzərdə tutulur.
Tələblərə cavab verən, “İZ” layihəsində təmsil olunaraq birliyin fəaliyyətlərində aktiv iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://ireli.az/iz/
Qeyd edək ki, “İrəli” İctimai Birliyi cari il ərzində “Marş İrəli: Göygöl”, “YayFest: Vətənpərvərlik düşərgəsi”, “Gənclər Kuboku: Hərb Oyunları”, “Marş İrəli: Naxçıvan” və digər bu kimi gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda zəfər ruhunun tərənnümü istiqamətində həyata keçirilən tədbirləri də peşəkarlıqla icra edib. Dörd düşərgədə ümumilikdə 500-ə yaxın gənc layihələrdən yararlanaraq, peşəkar idmançılarla master-klaslarda, mentorlar tərəfindən xüsusi təlimlərdə, hərbi yönümlü fiziki-psixoloji və intellektual oyunlarda iştirak edib.