Britaniyalı həkimlər “omikron” ştammının təhlükəli olduğunu şübhə altına alıblar
Britaniyalı həkimlər koronavirusun yeni “omikron” ştammının təhlükəli olduğunu şübhə altına alıblar. Bundan əvvəl ölkənin baş naziri Boris Conson onu çox təhlükəli adlandırmışdır. Xüsusilə, yeni ştammın peyvənd edilmiş insanlar arasında yoluxmaya səbəb ola biləcəyi bildirilirdi.
“İNFONEWS” xəbər verir ki, ekspertlər heç də baş nazirin narahatlığını bölüşmürlər. Belə ki, mütəxəssislər hesab edir ki, ölkə üçün “Delta” ştammı daha böyük təhlükə yaradır. Həkimlər bildirir ki, hamı yaxşı bilirdi ki, koronavirusun yeni ştammları yaranacaq və “omikron”-la bağlı tədqiqatlar başa çatana qədər heç bir qəti qərar vermək olmaz.
Oksford Universitetinin professoru Con Bell hesab edib ki, “omikron” tam peyvənd olunmuş insanlarda maksimum baş ağrısı və zökəm yarada bilər. O belə bir qənaətə gəlib ki, yeni ştamm koronavirusu ağır keçirənlərin sayında artıma səbəb olmayacaq.