Soçi görüşü – Azərbaycanın növbəti diplomatik uğuru
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi baxımında böyük önəm kəsb edir. Bu görüşün nəticələri və görüş nəticəsində qəbul edilən bəyanat Azərbaycanın növbəti diplomatik uğuru kimi xarakterizə etmək olar.
“İNFONEWS” xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, bu bəyanat Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.
“Bəyanatda nə status, nə də Qarabağ ifadəsi var. Ermənistan tərəfinin həmişə iddia etdiyi hərbi əsir və girov məsələsinə də toxunulmur. Bəyanatda Rusiyanın məsləhətçi köməyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılılıq əldə olunduğu qeyd edilir. Eyni zamanda avtomobil və dəmir yollarının açılması ilə bağlı layihələrin başlanılması barədə qərar qəbul edilib ki, bu da məhz bu Zəngəzur dəhlizini nəzərdə tutur.
Heç bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi bu sənəddə əksini tapıb. Bu bəyanatın qəbul edilməsi eyni zamanda digər vasitəçiləri, xüsusilə də Paşinyanın daim prosesə cəlb etmək istədiyi ATƏT-in Mink qrupunu kənarda qoyur. Onlar artıq formal xarakter daşıyır. Hazırda prosesdə Rusiyanın daha aktiv vasitəçilik missiyası həyata keçirdiyini görürük. Bu məsələdə prinsipal mövqe göstərən Rusiya post-sovet məkanda qaynar münaqişələrdən birinin həllində vasitəçi olmaqla öz beynəlxalq imicini yaxşılaşdırmaq və nufuzu gücləndirmək istəyir”, – deyə deputat bildirib.
O qeyd edib ki, Soçi görüşü Cənubi Qafqazda sülhün və təhlüksizliyn təmin edilməsi baxımından çox mühüm addım oldu.
“Bu görüş eyni zamanda Rusiya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərdi. Soçi görüşü zamanı Azərbaycan və Rusiya dövlət başçıları arasında səmimi və isti münasibətlərin olduğunu gördük. Vladimir Putin İlham Əliyevə hörmət və ehtiramla yanaşırdı. Bu onu göstərir ki, Azərbaycan və Rusiya arasında münasibətlər bundan sonra da yüksələn xəttlə inkişaf edəcək. Rusiya Prezidentinin Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirməsi də diqqət çəkən məqamlardan biri oldu. Vladimir Putinin bu fikirləri Azərbaycanın multikultural dəyərlərinə verdiyi yüksək qiymət olmaqla yanaşı, digər tərəfdən antirusiya meyillərin kəskin artdığı Erməistana ünvanlanmış ciddi xəbərdarlıq idi. Ümumilikdə Soçi görüşü Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi idi. Soçi görüşündə Azərbaycanın mövqeyindən və iradəsindən kənar heç bir məqam müşahidə olunmadı”, – deyə S.Hüseynova vurğulayıb.
Milli Məclisin deputat Elşən Musayev isə Trend-ə açıqlamasında bildirib ki, Soçi görüşü Azərbaycan Prezidenti İlham Əliyevin intellektual üstünlüyü ilə keçən növbəti diplomatik uğurumuzdur.
“Rusiya Prezidenti Vladimir Putinin dövlət başçımıza göstərdiyi xüsusi ehtiram, eyni zamanda bir çox məsələlərdə, xüsusən mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa görə İlham Əliyevə təşəkkür etməsi də onun göstəricisidir ki, Azərbaycan nüfuz etibarilə regiondakı liderliyini qoruyub saxlayır və baş verən proseslər rəsmi Bakının iradəsindən kənarda inkişaf etmir”, – deyə deputat bildirib.
Deputat qeyd edib ki, Soçi bəyanatında əks olunan müddəalar da Azərbaycan tərəfinin daim tərəfdaş olduğu, söylədiyi və diqtə etdiyi müddəalardır.
“Üstəlik, Paşinyan da artıq anlayır ki, həmin müddəalarda nəzərdə tutulan aspektlərdən kənar hərəkət etmək, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və Paşinyan həmin şərtlərə əməl etməsə bu ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər.
Bildiyiniz kimi artıq delimitasiya məsələsində İşçi Qrupun yaradılması ilə bağlı razılıq əldə olunub. Bu faktın özü də onu deməyə əsas verir ki, Ermənistan kapitulyasiya aktının şərtlərinə əməl etməyə vadar edilir. Zatən Ermənistanın başqa yolu da yoxdur. Paşinyan və Ermənistan yeni reallıqları qəbul eləməli, eyni zamanda həmin reallıqlarla barışmalıdır. Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq” – deyə deputat bildirib.