Müstəqil Azərbaycanın memarı, dahi Liderimizi hörmətlə anırıq
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmayıblar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlib. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib.
Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən dövlət adamları çox azdır. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Heydər Əliyev məhz ikincilərdəndir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta dünya miqyasında sözünün keçəri olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.
Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.
Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara – zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi.
Ulu öndəri harizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün harizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü harizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının vacib çalarları idi.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxıb. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 2020-ci ilin sentyabrın 27-də Ermənistanın təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatları ilə ərazilərimizi işğaldan təmizləyib. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan qələbə qazanıb, ordumuzun apardığı əməliyyatlar isə müasir hərb tarixinin müzakirəsinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradıb. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür.
Heydər Əliyevin vəfat etməsindən 18 il ötür. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunub.
Tanrıdan mərhum Liderimizə rəhmət diləyirik. Məzarı nurla dolsun, deyirik!
Nərgiz BABAYEVA,
Bakı Gənclər Mərkəzinin direktoru