ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN KİTABXANA SİYASƏTİNİN FƏLSƏFƏSİ
“İNFONEWS” xəbər verir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının həyatında müstəsna xidmətlərə malik olan şəxsiyyətdir. O, Azərbaycan xalqınının siyasi-iqtisadi, eyni zamanda mədəni və mənəvi həyatındakı əvəzolunmaz işləri ilə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuşdur. O, dövlət və dövlətçiliyin yaşaması, dərinləşməsi üçün mənəvi və mədəni sahələrin nə dərəcədə böyük önəmə malik olduğunu çox yaxşı anlamış və zamanında gərəkli olan hər bir addımı, fəaliyyəti həyata keçirmişdir. Biz bunu ana kitabımız olan “Kitabi-Dədə Qorqud” dastanının təbliği və tədqiqinə ayırdığı diqqətdə də aydın şəkildə görürük. Bu abidənin 1300 illik yubileyi ilə bağlı onun verdiyi sərəncam və həyata keçirilən tədbirlər dastanı dünyaya bir daha tanıtdı. Bu mənada ulu öndərin Azərbaycan xalqının mənəvi sərvətlərinin qorunması, bərpa olunması və gələcək nəsillərə çatdırılması işində həyata keçirdiyi siyasətin analoqu yoxdur. Heydər Əliyev Azərbaycan xaqlının milliləşməsində, milli şüurun formalaşmasında kitabxanaların əhəmiyyətini dərindən anlamış, hələ sovet dövründə bu sahəyə xüsusi qayğı və diqqət ayırmışdır. Məhz bu fəaliyyət sonralar əhalidə milli mənlik şüurunun oyanmasında çox mühim təsirə malik olmuşdur. Heydər Əliyevin Azərbaycanda kitabxana işinin təşkil olunmasındakı xidmətlərini “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı iri həcmli monoqrafiyasında tədqiqata cəlb edən prof. A.A.Xələfov hələ sovet dövründə kitabxana işinə ayrılan diqqəti tarixi-xronoloji baxımdan izləmişdir. Müəllif ümummilli liderimiz Heydər Əliyevin sovet dövründə kitabxana işinə qayğısından bəhs edərkən əldə edilən uğurları da oxucuların diqqətinə çatdırır. O yazır: “Bu dövrdə kitabxana quruculuğunun xarakterik xüsusiyyətlərindən biri uzun illər idi ki, dövlət orqanları tərəfindən unudulmuş kənd kitabxanalarının təşkilinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət idi. Heydər Əliyevin hakimiyyəti dövründə kənd yerlərində 1192 yeni kitabxana açılmış, onların fonduna 7 milyon 800 min nüsxə yeni kitab daxil olmuşdu. 1970-85-ci illərdə kitabxana işi sahəsində baş verən ən böyük hadisə kitabxanaların oxuculara xidmət işində əldə etdiyi keyfiyyət göstəricisi idi. Bu göstərici özünü həm oxucuların sayının ilbəil çoxalmasında, həm də oxuculara kitab verilişinin dövriyyəsinin artmasında özünü göstərirdi. Rəqəmlərə diqqət yetirək. Əgər 1980-ci ildə bütün kütləvi kitabxanalarda 2,7 milyon oxucu olmuş və onlara 61,3 milyon kitab və jurnal verilmişdisə, müvafiq olaraq oxucular 1985-ci ildə 3,2 milyon, kitab və jurnal verilişi isə 68 milyon nüsxə olmuşdur.” (Xələfov A.A. “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”.- Bakı: “Azərnəşr”, 2006.- s. 51). Göründüyü kimi, Heydər Əliyev kənd ərazisindəki kitabxanalara böyük önəm vermiş və bu sahəyə ayırdığı xüsusi qayğı yeni-yeni kitabxananaların işə başlaması ilə nəticələnmişdir. Kənd yerlərində kitabxanaların açılması birbaşa olaraq maariflənməyə xidmət edir, bu da öz növbəsində kənd yerlərində əhalinin dünyagörüş və həyata baxışlarına yeni nəfəs gətirirdi. Heydər Əliyev kitabxanaların yeni kitablarla zənginləşdirilməsinə maraq göstərir və bu sahədə görülən işləri kütləvi şəkildə kitabxanalara yeni-yeni nüsxələrinin daxil olması ilə nəticələnirdi. Təsadüfi deyildir ki, “Respublikamız kitabxana şəbəkələrinin sıx yerləşdiyi böyük kitab sərvəti ölkəsinə çevrilmişdi. Əgər 1970-ci ildə respublikada 25,4 milyon nüsxə kitab fonduna malik 2923 kütləvi kitabxana var idisə, 1985-ci ildə 38,8 milyon nüsxə kitab fonduna malik 4245 kütləvi kitabxana fəaliyyət göstərirdi. 15 il müddətində kütləvi kitabxanaların sayı 1322 ədəd artmış, kitab fondu isə 13,4 milyon nüsxə çoxalmışdı. 1981-ci ildə respublikamızda bütün növdən (kütləvi, elmi, təhsil, texniki və s.) olan kitabxanaların sayı 8905 ədəd, kitab fondu isə 29,8 milyon nüsxə olmuşdur (Xələfov A.A. “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”.- Bakı: “Azərnəşr”, 2006.- s.52). Belə ki, qısa zaman kəsimində kitabxana şəbəkələrinin genişləndirilməsi və keyfiyyətində heyrət doğuracaq yeniliklər ortaya qoyulmuşdur. Ümummilli liderimiz Heydər Əliyev müstəqillik dövründə də kitabxana işinə xüsusi maraq göstərir və qayğısını bir an olsa belə bu sahədən ayırmadı. Biz Heydər Əliyevin kitabxanaçılıq sahəsinə bu qədər geniş marağının səbəbini araşdırarkən görürük ki, əslində onun bu fəaliyyətinin əsasında milli mənlik şüurunun inkişafına hesablanmış dərin fəlsəfi konsepsiya dayanır. Bu fəlsəfi konsepsiyanı anlamaq və duymaq üçün onun bu sahə ilə əlaqədar olan fikirlərinə nəzər salmaq çox maraqlı olardı. Ümummilli liderimiz Heydər Əliyevin çıxışlarında söylədiyi fikirlər onun kitabxana işininə yanaşma fəlsəfəsinə dərindən işıq tutmağa imkan verir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”. Göründüyü kimi, Heydər Əliyev kitabxanaları dəyərləndirməsi zamanı ona daha geniş və böyük ampuladan baxaraq müqəddəslik, mədəniyyət və zəka prizmalarından dəyərləndirir. Əslində Heydər Əliyev kitabxana işini bu üç aspektdən qiymətləndirməklə bu işin milli mənlik şüurundakı yerini ifadə etmişdir. Kitabxanaşünaslıq işinin müqəddəslik, zəka və mədəniyyət kontekstində qiymətləndirilməsi, öz növbəsində bu sahənin fundamental dəyərləndirlməsi onun funksional və fəlsəfi dəyərini ehtiva edir. Ulu öndərimizin yanaşmalarına diqqət yetirəndə aydın olur ki, o, kitabxananı sadəcə bir məkan, kitabı adi bir şey kimi dəyərləndirmir, onu daha çoxtərəfli və mürəkkəb proses kimi qiymətləndirir. O deyirdi: “Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən Respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram”.
Ümummilli liderimiz Heydər Əliyevin kitabxanaşünaslığa diqqəti birbaşa onun kitaba məhəbbəti ilə əlaqədardır.
Aydın olur ki, ümummilli liderimiz Heydər Əliyevin kitabxanaşünaslıq məhəbbəti birbaşa onun kitab məhəbbəti ilə əlaqədardır. Yəni o, kitaba maddi ölçülərdən daha çox, mənəvi aspektdən yanaşır, insan və kitab arasındakı münasibəti borc və vəzifə prizmasından dəyərləndirir. Əslində ulu öndər “borc” dedikdə, kitabların yazılması və yayılmasındakı insanlıq borcundan danışırdı. Kitabın nəşri işindən danışan ümümilli lider dərhal bu işi prezident olaraq özünün ən vacib vəzifəsi kimi diqqətə çatdırdı.
Heydər Əliyevin kitabxana işinə yanaşmasına dərindən nəzər salanda aydın olur ki, o, mülkiyyət formasının dəyişməsindən bu sahənin zərər görməməsi üçün əlindən gələn bütün işləri sistemli şəkildə həyata keçirmişdir. O deyirdi: “Həyatımız dəyişir, hər bir şey dəyişir. Biz bu dəyişikliklər prosesinin içindəyik. Keçmişdə nəşriyyat işi dövlətin əlində idi, onun tərəfindən maliyyələşdirilirdi və bunun sayəsində Azərbaycanda həmin sahə çox genişlənmişdi. İndi dövlətin imkanları məhdudlaşdığı, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getdiyimiz bir vaxtda, özəl bölməyə geniş imkanlar yaratmağa çalışdığımız və Azərbaycanda, kiçik də olsa, özəl bölmənin meydana çıxdığı bir vaxtda biz onun bütün imkanlarını nəşriyyat işinin canlandırılmasına, inkişaf etdirilməsinə, xüsusən, kitab nəşrinin genişləndirilməsinə cəlb etməli, yönəltməliyik”. Göründüyü kimi, Heydər Əliyev kitabxana işini həm də tarixi-prosesual bir hadisə kimi dəyərləndirirdi. Dialektik dəyişikliklərdən söhbət açan ümummilli lider kitab nəşri məsələsini iki fərqli yanaşma müstəvisində göz önünə gətirir: Birincisi, dövlət mülkiyətinin mövcud olduğu sovet dövrü, ikincisi isə, xüsusi mülkiyyətin formalaşdırıldığı müstəqillik dövrü. Və maliyələşdirmə prinsiplərində fərqi diqqətə çatdıran ümummilli lider Heydər Əliyev yeni maliyələşdirmə imkanları daxilində bu sahəyə diqqətin vacibliyini vurğulayır. Əgər belə olmasa, kitab nəşri sahibkarların gəlir gətirən sahələrə marağı nəticəsində diqqətdən kənarda qala bilər və bu sahə tamamilə tənəzzülə uğraya bilərdi. Odur ki, ulu öndər üzünü sahibkarlara tutub deyirdi: “İndi respublikamızda xeyriyyəçilik fəaliyyəti genişlənir. Arzu edərdim ki, bizim iş adamları, imkanlı sahibkarlar bütün sahələrdə xeyriyyəçilik fəaliyyəti göstərdikləri kimi, bu işdə – kitabların yazılması və nəşri sahəsində də köməklərini əsirgəməsinlər. Zənnimcə, bu xeyriyyəçilik sahəsində ən yaxşı iş ola bilər. Mən iş adamlarını buna dəvət edirəm. Şübhəsiz ki, dövlətin imkanlarından da daha səmərəli istifadə olunmalıdır. Ancaq bayaq dediyim kimi, indi biz mülkiyyət formasını dəyişdiririk, bazar iqtisadiyyatı yolu ilə gedirik, özəl bölməyə geniş imkanlar yaradırıq və bundan sonra da yaradacağıq. Ona görə də bunların hamısı ümummilli əhəmiyyət kəsb edən kitab nəşrinə səfərbər edilməli, cəlb olunmalıdır. Ümidvaram ki, belə də olacaqdır”. Ümummilli lider hələ 1997-ci ildə, Azərbaycanın iqtisadi durumunun çox inkişaf etmədiyi dövrdə belə bu sahəni diqqətdən kənarda qoymur. Sözsüz ki, o, çox gözəl anlayırdı ki, bütün ağırlıqlara, çətinliklərə baxmayaraq bu sahəni diqqətdən kənarda qoymaq olmaz. Əks halda milli kadrların hazırlanmasında müəyyən problemlər yarana bilərdi. Kitabxana işindəki çətinlikləri aradan qaldırmaq üçün hətta özü şəxsi nümunə kimi çıxış edirdi. O, M.F.Axundov adına Milli Kitabxanaya çoxlu sayda kitab bağıxlayan zaman demişdi: “Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox gərəkli olan ayrı-ayrı mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim özümün deyil, müxtəlif müəlliflərin kitablarıdır və kitabxananın böyük xəzinəsində öz yerini tutarlar. Zənnimcə, gələcəkdə bu təşəbbüs də davam edə bilər. Elə imkanı olan ayrı-ayrı adamlar kitabxanamızı zənginləşdirmək üçün yəqin ki, ona kitab bağışlayacaqlar. Bilirəm, bizim bu kitabxananın çox böyük fondu var. Kitabxananın direktoru bu barədə məlumat verdi. Ancaq kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Bunlar insanlara yeni biliklər, yeni məlumatlar gətirir. Ona görə də bizim bu mərkəzi kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə təmin olunsun. Vaxtilə biz bunu planlı şəkildə edirdik. Dövlət planı var idi, heç kəsi narahat etmədən bu kitabxananı yaradıb inkişaf etdirmişdik və o, indi də fəaliyyət göstərir. Ancaq gərək indi buraya hərə öz payını versin. Azərbaycanın bütün ictimaiyyətini bu xeyirxah işə dəvət edirəm”. Göründüyü kimi, prezident özü kitab bağışlayır və imkanlı adamlara da üzünü tutaraq bu işə öz yardımlarını göstərməyə dəvət edir. Çünki Heydər Əliyev kitabxananı zamanla, dünya prosesləri ilə əlaqədə olan orqanizm kimi başa düşürdü. Zaman dəyişdikcə kitabxanaların da zamana uyğun tərzdə genişləndirilməsi vacibliyini diqqətə çatdırır. Yoxsa əks təqdirdə kitabxana zamanın, sürətlə inkişaf edən dünya tələblərindən geri qalar ki, bu da sözsüz, bütövlükdə mədəni səviyəyə mənfi təsir göstərər. Ümummilli lider Heydər Əliyevin kitabxana işinə necə müqəddəs iş kimi yanaşmasını onun M.F.Axundov adına Mərkəzi Kitabxanaya təqdim etdiyi kitablar içərisində müqəddəs kitabımız olan “Quranı” xüsusi ilə diqqətə çatdırması idi. Bu məqam onun nitqində belə əks olunmuşdur: “Bağışladığım kitabları nümayiş etdirmək istəmirəm. Ancaq bizim üçün müqəddəs olan bir kitabı da bağışlamaq istəyirəm. Bilirsiniz ki, mən Səudiyyə Ərəbistanına rəsmi səfərə getmişdim. Səfər zamanı biz İslam aləminin müqəddəs yerlərini ziyarət etdik və bundan çox məmnun olduq. Orada – Islam dininin mərkəzi olan Məkkədə mənə Quranın nüsxələrini bağışlamışlar. Çox nəfis şəkildə buraxılmış bu nüsxələrdən birini də Dövlət kitabxanasına verirəm”. Heydər Əliyev “Quran”ı təqdim etməklə, əslində bu məkana nə dərəcədə böyük önəm verdiyini jest olaraq ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırırdı. Bir sözlə, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövründə kitabxana işinin təşkilinə böyük önəm vermiş və bunun üçün əlindən gələn hər şeyi etmişdir.
Ümummilli liderimizin imzaladığı qanun və fərmanlar da kitabxana işinin yaxşılaşdırılmasına müstəsna təsir göstərmişdir. Heydər Əliyevin 29 dekabr 1998-ci ildə imzaladığı “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu, 1999-cu il 12 mart tarixində imzaladığı “Kitabxana işi haqqında” Azərbaycan Respublikasinin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı” kimi sənədlər kitabxana işinin hüquqi müstəvidə nizamlanmasına böyük töhfələr vermiş və bu sahədəki işlərin təkmilləşdirilməsinə yardım etmişdir.
Ulu öndərin kitabxana quruculuğuna verdiyi töhfələrin arxasında milli şüurun dirçəldilməsinə xidmət edən dərin fəlsəfə dayanmışdır.
Hər bir ziyalı kimi, biz də bu gün çox sevinirik ki, ümummilli liderimiz Heydər Əliyevin kitabxana işinə ayırdığı diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir.
Arzu Məmmədova,
Azərbaycan Dövlət İqtisad Universiteti
UNEC KİM 24/7 Kitabxanasının müdiri