İtaliyada xüsusi karantin rejiminin müddəti 3 ay uzadılıb
“İNFONEWS” xəbər verir.
İtaliya hökuməti yeni növ koronavirus (COVID-19) epidemiyası ilə əlaqədar qüvvədə olan xüsusi karantin rejiminin müddətinin daha 3 ay uzadılmasına qərar verib.
Son həftələrdə COVID-19 infeksiyasına gündəlik yoluxma hallarının artdığı İtaliyada xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 31-dək uzadılıb. Qərar Baş nazir Mario Draqinin sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında qəbul edilib.
Səhiyyə naziri Roberto Speranza bildirib ki, Avropa İttifaqına (Aİ) üzv dövlətlərdən İtaliyaya səyahət edənlər vaksinasiya sertifikatı ilə yanaşı, COVID-19-a qarşı testdən keçməli olacaqlar. Qitə ölkələrindən gələn və peyvənd olunmayanlar İtaliyada 5 gün karantində qalacaq. Aİ-yə üzv olmayan ölkələrdən gələnlər üçün isə 10 günlük karantin tələbi qoyulacaq. Qaydalar dekabrın 16-dan 2022-ci il yanvarın 31-dək qüvvədə olacaq.
Xatırladaq ki, İtaliyada xüsusi karantin rejimi ilk dəfə 2020-ci il yanvarın 31-də tətbiq edilib. Hazırda qüvvədə olan karantin rejiminin müddəti 2021-ci il dekabrın 31-dək olan dövrü əhatə edir.