“Faktlara dayanan TARİXİMİZ”: Ulu öndər və mədəniyyətə verilən dəyər
“İNFONEWS” -un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:
HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTİ ZAMANINDA AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ VERİLƏN DƏYƏR
Xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur. 1969-cu ildən başlayaraq bu möhtəşəm insanın keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir.
Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə yer tutmuşdur. Dahi rəhbərimiz və ulu öndərimiz Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.
Tarixdə, sadəcə yaşadığı dövrə deyil, onilliklər sonraya da möhürünü vurmuş, tarixi prosesləri istiqamətləndirməyi bacarmış insanların yeri hər zaman müstəsnadır. Tanrının xalqımıza bəxş etdiyi böyük siyasət və dövlət adamı, Ulu Öndər Heydər Əliyevin adı, imzası yarım əsrdir ki, tariximizdə bu cür müstəsna yerə sahibdir. Ümummilli Lider Heydər Əliyevin 50 il əvvəl Azərbaycana rəhbərlik etməyə başlaması respublikamız və xalqımız üçün tarixi bir şans idi və ötən zamanın gərdişi, yaşanan hadisələr, tarixi sınaq anları bunu dəfələrlə təsdiq edib.
Yarım əsr əvvəl başlanan bu tarixi yol respublikamızın bütün sahələrdə davamlı inkişaf dövrünə qədəm qoyması ilə nəticələndi. Maddi-mədəni zənginliklərə sahib olan Azərbaycan həmin vaxta qədər keçmiş ittifaqda sıradan bir respublika idi, bəzi sosial-iqtisadi göstəricilərə görə isə xeyli geri qalmışdı. Zənginliyi lazımi səviyyədə ortaya çıxarmaq, reallıqları düzgün qiymətləndirmək zəruri idi. O cümlədən mədəni mirasımız, ədəbiyyat və incəsənətimiz özünün gerçək himayədarını gözləyirdi.
Əslində, mədəniyyət və incəsənət, eləcə də ədəbiyyat təbii şəkildə inkişaf edən sahələrdir. Bu inkişaf bütün yaradıcılıq sahələri təmsilçilərinin azad özünüifadəsi ilə reallaşa bilər. XX əsrin ikinci yarısında sovet rejiminin, məlum ideologiyanın möhkəm bərqərar olduğu respublikada bu cür meyillərin ortaya çıxıb reallaşması, əslində, müşkül, hətta qeyri-mümkün idi. Amma Heydər Əliyev kimi bir dahi şəxsiyyətin – xalqı onun etnik-mədəni sistemi ilə bütöv şəkildə qəbul edib bu amili fəaliyyəti ərzində diqqətdə saxlayan görkəmli dövlət xadiminin səriştəsi və millət sevgisi sayəsində ölçüyəgəlməz işlər görülməyə başlandı. Ölkə həyatının bütün sahələrini əhatə edən bu inkişafdan ən çox fayda görən isə, sözsüz ki, Azərbaycan mədəniyyəti idi. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin siyasi karyerasında, idarəetmə sistemində mədəniyyət sahəsi məxsusi yer tutur. Bunun da əsasında Ulu Öndərin mədəniyyət və incəsənətə böyük sevgisi dayanırdı. O, hər zaman aktiv siyasi fəaliyyəti ilə bərabər xalqın yanında daha çox olması, eyni zamanda mədəniyyətə, musiqiyə, rəssamlığa, sözün geniş mənasında, sənətə yüksək marağı ilə insanları heyrətə salırdı.
Yarım əsrdir ki, adı, imzası vətənimizlə qoşa çəkilən, tarix salnaməmizdə silinməz iz qoyan Heydər Əliyevin sovet Azərbaycanına başçılıq etdiyi və keçmiş ittifaqın rəhbərliyində təmsil olunduğu illərdəki fəaliyyətinin konturları bir nöqtədə birləşirdi: xalqımızın milli-mədəni sisteminin qorunması və sosial-iqtisadi həyatının təminatı. Bu siyasət, əslində, onun müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra gördüyü işlərin möhkəm təməllərini təşkil edirdi. Uzun və kifayət qədər mürəkkəb olan bu dövr dahi siyasətçinin doğma xalqı ilə qırılmaz tellərlə bağlılığını göstərir.
Xalqımızın adət-ənənələri, minilliklərin soraqçısı olan mədəni mirasını müqəddəs hesab edən Heydər Əliyev özünü bu zənginliyin ayrılmaz hissəsi sayır, ondan bəhrələnərək millətin və dövlətin gələcək inkişafı üçün çalışırdı. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”, – deyən müdrik rəhbər öz gücünün, fəhminin ünvanını çox dəqiq nişan verirdi. Heydər Əliyev üstün idrakı, zəngin mənəvi dünyası, ən əsası isə xalqına sarsılmaz inamı sayəsində müdrik şəxsiyyət və uzaqgörən rəhbər titulunu qazanmışdı.
Dünyada tanınmış bir çox ekspertlərin fikrincə, Heydər Əliyev məharətli və uzaqgörən siyasətçi olmaqla yanaşı, dövlətçilik təcrübəsində də dövlət idarəçiliyinin fenomeni kimi daim yaşayır. Azərbaycanın son illər ərzindəki nailiyyətləri və davamlı yüksək templi inkişafı buna açıq-aydın sübutdur.
Ulu Öndər hər zaman bir məqamı vurğulayıb ki, xalqın mədəni irsi, eləcə də mənəvi dəyərlərimiz milli-siyasi varlığımızın əsasını təşkil edir. O deyirdi: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Heydər Əliyev milli varlıq, milli mövcudluq məsələsini hakimiyyətdə olduğu bütün dövrlərdə özünün həyat amalına çevirmiş, həmçinin SSRİ zamanında həmin quruluşun imkan və şərtləri daxilində mədəni irsimizin himayədarı və təbliğatçısı olmuşdur.
“Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”. Ulu Öndərin bu fikirləri böyük bir həqiqətin təzahürü idi. Müxtəlif yaradıcılıq sahələrində qeyd olunan bu yeniliklər ilk növbədə münbit şəraitdə formalaşa bilərdi. Belə bir mühitin yaradıcısı məhz Heydər Əliyev idi. Bu mənada ötən əsrin 70-80-ci illərində istər incəsənətin müxtəlif sahələrində, istərsə də ədəbi prosesdə ciddi nəticələri olan yaradıcılıq axtarışları aparılmışdı. Yaradıcılıq məzmun və formaca zənginləşmiş, yeni təmayüllər formalaşmağa başlamışdı. Görkəmli şəxsiyyətlərimizin şöhrəti ölkəmizin hüdudlarını aşaraq ittifaqın müxtəlif şəhərlərinə yayılır, onların yaradıcılıq gecələri, yubiley tədbirləri təşkil olunurdu. Mədəni irsin kompleks halda təbliğatında mühüm rol oynayan Azərbaycan mədəniyyəti və incəsənəti günləri də mütəmadi şəkildə gerçəkləşirdi. Bundan əlavə, görkəmli müğənnilərimizin SSRİ hüdudlarından çox-çox uzaq ölkələrə reallaşan qastrol səfərləri mədəniyyətimizin daha geniş coğrafiyada tanınmasına vəsilə olurdu.
Ulu Öndərin müdrikliyinin daha bir göstəricisi ondan ibarət idi ki, o, hələ sovet dövründə yaratdığı bu mədəni-mənəvi inkişaf yolu ilə müstəqillik dövründə çağdaş dünyanın yeni çağırışlarına qısa müddətdə uyğunlaşmağımıza zəmin hazırladı. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən uzaqgörən siyasətçi bu zənginlikdən məqamında və maksimum yararlanmağın zəruriliyini qeyd edirdi. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”, – deyən müdrik şəxsiyyət mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün geniş perspektivləri olan bir sistemin formalaşmasına çalışırdı. Məhz Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə mədəniyyətimizin vüsətli inkişafı və etibarlı gələcəyi təmin edildi.