Azərbaycan və Koreya dostluğu: “Ümid yeri”ndə xeyriyyə tədbiri

Azərbaycan və Koreya dostluğu:“Ümid yeri”ndə xeyriyyə tədbiri

“İNFONEWS” xəbər verir.

Koreyanın Azərbaycandakı səfirliyinin və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Ümid yeri” uşaq sığınacağında “Azərbaycan və Koreya dostluğu “Ümid yeri” uşaq sığınacağı sakinlərinin təqdimatında” adlı xeyriyyə tədbiri keçirilib.

SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova Azərbaycanla Koreya arasında bütün sahələrdə mövcud olan möhkəm dostluq əlaqələrindən söz açıb, Azərbaycan Prezidenti İlham Əliyevin səyləri ilə bu münasibətlərin gündən-günə daha da genişləndiyini qeyd edib: “SEBA Assosiasiyası xalqlarımız arasında mədəni əlaqələrin inkişafına mühüm töhfələr verir, həm Koreyada, həm də ölkəmizdə müxtəlif layihələr həyata keçirir, festivallar, konfrans və sərgilər təşkil edir”.

R.Heydərova bu tədbirlərə dəstəyinə görə Koreyanın Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirib: “2018-ci ildən Azərbaycana səfir təyin edilən Kim Tong Opun ölkəmizdəki fəaliyyətinin son günləridir, ancaq yenə də vaxt ayırıb uşaqlarla bağlı tədbirdə iştirak etdiyi üçün təşəkkür edirəm. Bizim əlaqələrimiz genişdir, həm mədəniyyət, həm sosial, həm tibbi sahədə əməkdaşlığımız var. Burada olan uşaqlar hamımızın övladı sayılır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü və xalqımızın birliyi ilə əldə olunan möhtəşəm Qələbədən sonra ilk tədbirimizdir.

Cənab səfir də bizim zəfərimizə şahid oldu. Bu Qələbə böyük bir tarixdir. Bu tarixi bizə yaşadan Müzəffər Ali Baş Komandan, Ordumuz olub. Hər birimiz bu tarixin şahidiyik. Ümid edirəm ki, işğaldan azad edilən tarixi torpaqlarımız öz inkişafı ilə, mədəniyyəti ilə dünyada daha çox tanınacaq. Azərbaycan xalqı istedadlı xalqdır. Hər birimizin borcudur ki, yaşadığı, işlədiyi mühitdə Vətənin qiymətini bilsin, dəyərləndirsin. Vətən sevgisi olmayan insanın ailə sevgisi də olmaz. Bu sevgini daha da çox yaşatmalıyıq”, – deyə R.Heydərova bildirib.

R.Heydərova “Ümid yeri” sığınacağının artıq 25 ilə yaxındır ki, fəaliyyət göstərdiyini nəzərə çatdırıb: “İnsan öz uşaqlarının qayğısına qalanda belə, böyük əziyyət çəkir. Bu sığınacaq isə 25 ilə yaxındır uşaqların qayğısına qalır. 20 ildir, sığınacaqla əlaqədəyik, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası olaraq dəstək göstərməyə çalışmışıq. Hansısa uşağın ürəyində sevinc yaratmaq böyük xoşbəxtlikdir, biz də buna çalışırıq. Kimsəsiz uşaqları bir ocaqda toplayıb, qayğı ilə yanaşmaq böyük işdir. Dövlətin də bu işdə böyük əməyi var, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaq evlərinə göstərdiyi qayğı göz qabağındadır. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva bu sığınacağa da böyük diqqət ayırır”.

R.Heydərova deyib ki, əsas məsələlərdən biri sığınacaqda olan uşaqların sağlamlığıdır: “Ümid yeri” sakinləri SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının əməkdaşları tərəfindən hərtərəfli müayinə olunacaq. Bu, cənab səfirin ideyasıdır. Koreya Şərq Təbabəti Klinikası 2006-cı ildən indiyədək çox sayda xeyriyyə tədbiri keçirib. Tədbirlərdən biri də Koreyanın ölkəmizdəki səfiri Kim Tong Opun iştirakı ilə Azərbaycan və Koreya tibb heyətinin könüllü tibb xidmətinin dəstək tədbirləri çərçivəsində Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksində olub. Həmin tədbirdə 532 nəfər sakinə tibbi xidmət göstərilib”.

Koreyanın Azərbaycandakı səfiri Kim Tong Op xalqlarımızın dostluq və mədəni əlaqələrinin möhkəmlənməsində birgə layihələrin rolundan danışıb: “Biz SEBA ilə bir çox tədbir həyata keçiririk. Bizim üçün sevindiricidir ki, SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova Koreyanı çox sevir və bizimlə həyata keçirdiyi tədbirlərə hər zaman xüsusi diqqət göstərir. Koreya və Azərbaycan coğrafi cəhətdən bir-birinə uzaq olsa da, hər iki ölkədə bir-birinin ölkəsini sevən insanlar olduğuna görə əlaqələrimizin gələcəyi çox parlaqdır. Hər şeydən öncə insandır, gələcək nəslin bu tədbirdə iştirakı, Koreyaya belə maraq göstərilməsi tədbiri daha da mənalı edir. Sığınacağın rəhbəri Nigar xanım və hər zaman bizimlə birgə tədbirlərin təşkil edilməsinə dəstək göstərən Ruhəngiz xanım Azərbaycanın gələcəyinə böyük töhfə verən insanlardır. Biz də səfirlik olaraq əlaqələrimizə hər zaman böyük önəm verəcəyik. Ümid edirəm ki, tədbirdə iştirak edən uşaqlar mənim üzümü və adımı yadında saxlayar, 10 il, 20 il sonra məni haradasa görəndə yaxınlaşıb, bu tədbirdə iştirak edən uşaq olduğunu bildirər”.

“Ümid yeri” Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimova SEBA Assosiasiyasının və Koreyanın Azərbaycandakı səfirliyinin uşaqlara olan diqqətini, qayğısını yüksək qiymətləndirib: “SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərovaya təşəkkür edirəm ki, bu gün çox gözəl, uşaqların arzuladığı kimi tədbir təşkil edib, bu, Yeni il ərəfəsində uşaqlar üçün böyük sevincdir. Eyni zamanda uşaqlara çox gözəl hədiyyələr hazırlanıb. Sığınacaq 1997-ci ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddət ərzində küçə həyatı yaşayan, çətin vəziyyətdə olan 10 mindən çox uşağa, körpəyə və anaya sığınacaqda dəstək göstərilib. Hazırda burada 90-dan çox uşaq yaşayır. Hər uşağa fərdi qayğı göstərilir, təhsilə cəlb edilir, problemlərinin həlli üçün əlimizdən gələni edirik”.

Koreya Şərq Təbabəti Klinikasının baş həkimi İsmət Qasımzadə deyib ki, tədbirin davamı klinikada olacaq: “Nigar xanım uşaqların tibb xidmətinə ehtiyacı olduğunu bildirib. Biz bu xidməti tam göstərməyə hazırıq”.

Klinikanın pediatrı Sədaqət Mustafayeva isə qeyd edib ki, Klinikada uşaqların sağlamlığının qeydinə qalmaq üçün lazım olan addımlar atılacaq.

Sonra uşaqların hazırladığı “Azərbaycan və Koreya dostluğu “Ümid yeri” uşaq sığınacağı sakinlərinin təqdimatında” adlı proqram nümayiş olunub. Uşaqlar Azərbaycanın “Tərəkəmə”, “Xan çobanı” milli rəqslərini, eləcə də Koreya xalqının milli rəqslərini ifa edib, Azərbaycan və Koreya mahnılarını oxuyublar. Daha sonra uşaqlar üçün müxtəlif şou-proqramlar nümayiş olunub. Qonaqlar, eyni zamanda, rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Koreyanın Azərbaycandakı səfiri Kim Tong Opa uşaqların hazırladığı əl işlərindən hədiyyə edilib.

Qeyd edək ki, “Ümid yeri” uşaq sığınacağına əl işləri dərnəyi üçün zəruri ləvazimatlar, rəsm üçün kətan çərçivələr və boyalar, uşaqlara müxtəlif geyim və yataq dəstləri hədiyyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir