İstanbulda Azərbaycanın turizm imkanları təbliğ olunur
“İNFONEWS” xəbər verir.
İstanbulda dünyanın ən böyük turizm sərgilərindən olan “EMİTT 2022” – Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi öz işinə başlayıb.
Bu il 25-ci dəfə keçirilən beynəlxalq sərgidə ölkəmiz Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən milli stendlə təmsil olunur. Stenddə eyni zamanda beş yerli turizm şirkəti, bir mehmanxana qrupu və “Azərbaycan Hava Yolları” QSC də iştirak edir.
İstanbulun “TÜYAP Sərgi və Konqres Mərkəzi”ndə fevralın 9-dan 12-dək davam edəcək sərgi çərçivəsində Türkiyənin aparıcı turizm şirkətləri və sərgidə təmsil olunan digər xarici ölkələrdən olan nümayəndələrlə B2B formatında görüşlərin keçirilməsi, marketinq və PR agentləri, eyni zamanda dövlət qurumları, təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Təşkil olunacaq görüşlərdə qarşılıqlı əməkdaşlıq, turizm potensialının tanıdılması kimi məsələlər müzakirə ediləcək, yerli turizm məhsulları, eko turizm, kampinq, şərab turizmi və qastronomiya, qış turizm imkanları nümayiş olunacaq.
Sərgidə Azərbaycanın işğaldan azad olunun ərazilərinin turizm potensialı, Zəngəzur dəhlizi və bu dəhlizin imkanları da təbliğ ediləcək.
Qeyd edək ki, 2020-ci ildə keçirilən sərgidə dünyanın 103 ölkəsindən 842 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 44 mindən çox ziyarətçi qəbul edib.