“Sabahın alimləri” XI respublika müsabiqəsinə START VERİLİB
“İNFONEWS” xəbər verir.
Fevralın 14-21-də “Sabahın alimləri” XI respublika müsabiqəsi onlayn keçiriləcək.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə üçün 319 layihə qeydiyyatdan keçirilib. 247 layihə hazırlanıb göndərilib və Elmi Ekspertiza Komitəsi tərəfindən yoxlanaraq 192 (37 fərdi və 86 kollektiv) layihə (326 şagird) müsabiqəyə buraxılıb.
Müsabiqəyə buraxılan layihələrlə Bakı şəhəri üzrə 48 faiz, Sumqayıt şəhəri üzrə 27 faiz, Şirvan rayonu üzrə 7 faiz IX-XI sinif şagirdləri, həmçinin Naxçıvan Muxtar Respublikası və 14 rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edirlər.
Fevralın 14-21-də münsiflər heyətinin qiymətləndirilməsi nəticəsində qalib olan layihələr içərisindən seçilmişlər ABŞ-da ənənəvi olaraq keçirilən ISEF müsabiqəsində ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, 2012-ci ildən başlayaraq Azərbaycanda “Sabahın alimləri” respublika müsabiqəsi keçirilir.
Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir.
Müsabiqənin keçirilməsində Təhsil Nazirliyinin tərəfdaşları Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.
Müsabiqə 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilir.