“Hamı Mehdiyevdən istefa verməsini gözləyir” – Etibar Əliyev
“Akademiklər və müxbir üzvlər toplaşıb, Mehdiyevə etimadsızlıq göstərməlidirlər”
Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA-da yaranmış durum səbəbindən tanınmış alimlərin və ziyalıların çoxsaylı etirazlarına və istefa tələblərinə baxmayaraq, Mehdiyev nə istefa verir, nə də ona ünvanlanan ittihamları cavablandırır.
“AzPolitika.info” xəbər verir ki, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev də AMEA-da baş verənlər və R.Mehdiyevin “dirənişi” ilə bağlı akademiklərə, müxbir üzvlərə və alimlərə müraciət ünvanlayıb. Millət vəkili müraciətində bildirir: “Ölkənin elm məbədi bir nəfərin şəxsi ambisiyasına qurban verilib. Elmin bütün ölkələrin davamlı inkişafındakı rolu əvəzsizdir. Elm cəmiyyətin hərəkətverci qüvvəsidir və burada ərköyünlük, ədabazlıq, naşı idarəçilik yolverilməzdir. Elm tənəzzülə düçar olduqda onun xilası üçün çox böyük vaxt və vəsait tələb olunur.
Ramiz Mehdiyev 23 oktyabr 2019-cu il tarixdən AMEA Prezidenti postunu tutur. Bu adam seçildiyi gündən elmi mühiti aşındırmaqla məşğuldur. Akademiklərimizin böyük kəsimi buna susur. Burada gözləmək, susmaq, şərə xidmət etməkdir. Vətən müharibəsində Ramiz Mehdiyev bilərəkdən elə bir vəziyyət yaratdı ki, nəticədə həmin dövrdə əsgərdə ruh yüksəkliyi yaradan akademik çıxışlara demək olar rast gəlmədik. Elmin populyarlaşdırılması, elmin cəmiyyət, xüsusilə də gənclər üçün əlçatan olması və elmlə təhsilin vəhdəti istiqamətində heç bir iş görülmür. Əksinə, naşı idarəçilik ucbatından gənclərin elmə marağı söndürülür.
Elmi yadırğayırıq. Vaxtilə Mir Əsədulla Mirqasımovun, Yusif Məmmədəliyevin, Zahid Xəlilovun və digər elm adamlarının rəhbərlik etdiyi böyük bir təşkilat gözümüzün qabağında məhvə düçar olur. Tezliklə tədbirlər görülməlidir.
İki ildən artıq müddətdə Azərbaycan elmində hansı yeniliklər baş verib, Mehdiyev Akademiyaya hansı müsbət töhfələr verib? Ancaq efemer kadr dəyişiklikləri, qalmaqallar, qarşılılqlı ittihamlar, narazılıqlar… Son iki ildə Mehdiyev haqqında elm adamları, Akademiyada rəhbər vəzifələr tutan şəxslər tərəfindən kifayət qədər ciddi ittihamlar səsləndirilib. Onu korrupsiyada, savadsızlıqda, pis idarəçilikdə, AMEA-nı şəxsi təsərrüfatına çevirməkdə ittiham etsələr də, bu barədə bir dəfə də olsun danışmayıb, ittihamları cavablandırmayıb. Bu, Azərbaycan cəmiyyətinə, elm ictimaiyyətinə qarşı açıq hörmətsizlikdir, qaba münasibətdir.
Akademiyada hazırda xaos hökm sürür, Mehdiyev idarəçiliyindən narazılıqlar günü-gündən artır və bu da cəmiyyətdə AMEA-nın nüfuzunu getdikcə daha çox zədələyir. Bu tendensiya Mehdiyevi niyə narahat etmir? O, öz kürsüsü naminə bu elm ocağını niyə zərbə altında qoyur? Bu vəziyyət nə zamana qədər davam edəcək? AMEA Rəyasət Heyətində təmsil olunan alimlər, akademiklər bu xoşagəlməz vəziyyətə nə qədər dözmək fikrindədirlər? Bütün Akademiya sistemi ayaq üstədir. Akademiklərdən tutmuş laborantlara qədər hamı Ramiz Mehdiyevin getməsini istəyir. Hər gün bu adamdan istefa verməsini gözləyirlər.
Düşünürəm ki, akademiklər və müxbir üzvlər tezliklə toplaşıb Mehdiyevə etimadsızlıq göstərməli və bu biabırçı vəziyyətdən AMEA-nı xilas etməlidirlər. Narahat olmasınlar, onun süni şəkildə yaratdığı qorxu mühiti götürülüb. Mehdiyevin dəcəl uşaq inadkarlığına və görüntü yaradan yalançı dirənişinə yalnız kollektiv qərarla üstün gəlmək mümkündür”.