Bəstəkarlarımızın əsərlərini tədris proqramına əlavə edən soydaşımız- VÜSALƏ YUSİF
“İNFONEWS” -un “ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı Vüsalə Yusif Əmirbəyovadır.
“Sultan Qaboos Universitetində çalışdığım ilk gündən tələbələrimi zəngin Azərbaycan musiqisi ilə yaxından tanış etməyə başlamışdım. Ən gözəl tanıtım, əlbəttə, bu əsərlərin mükəmməl ifa edərək təqdimatıdır. Doğma musiqimizi ifa etdikcə, tələbələrin maraq və diqqətini hiss edirdim. Daha sonralar pyesa, əlavə-köməkçi əsər kimi tələbələrə də Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdirirdim. Və nəhayət, 2019-cu ildə layihə hazırlayaraq, Azərbaycan bəstəkarlarının fortepiano əsərlərini tədris proqramına əlavə etdim. Bəstəkarlarımızın əsərləri universitet rəhbərliyi, eləcə də omanlı tələbələr tərəfindən böyük rəğbətlə qarşılandı.”
Bunu sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Əmirbəyova, hazırda Oman Sultanlığının paytaxtı Maskat şəhərinin Sultan Qaboos Universitetinin “Musiqi və Musiqi elmləri Departamenti”ndə Fortepiano şöbəsinin müdiri, London Musiqi Akademiyasının solo piano ifaçısı (LRSM lisenziyalı), respublika və beynəlxalq müsabiqələrin laureatı, Yaponiya, Sinqapur, Almaniya, Böyük Britaniya, Türkiyə, Tailand, BƏƏ, Rusiya və s. ölkələrdə həm solo konsert, həm də beynəlxalq konfranslarda gənc alim-tədqiqatçı-ifaçı kimi Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr edilmiş təqdimatlarla çıxış edən peşəkar mütəxəssis söyləyib.
Vüsalə xanım çalışdığı universitetdə tədris proqramına Azərbaycan bəstəkarlarının əsərlərini əlavə edib.
“Ən böyük arzum doğma musiqilərimizi, əsərlərimizi sevdiyim qədər də sevdirmək olub. Məncə, alınıb da. Çünki bu gün dərs dediyim tələbələrim hörmət və ehtiramla bizim əsərləri ifa edirlərsə, həvəslə Azərbaycan haqqında məlumatları dinləyirlərsə, bu artıq bir göstəricidir.”
2011-ci ildən Sultan Qaboos Universitetinin “Musiqi və Musiqi elmləri Departamenti”ndə Fortepiano şöbəsinin müdiri vəzifəsində çalışdığı elə ilk illərdən öz tələbələrini Azərbaycan bəstəkarlarının yaradıcılığı ilə yaxından tanış edən Vüsalə xanım 2019-cu ildə layihə hazırlayaraq, Azərbaycan bəstəkarlarının fortepiano əsərlərini tədris proqramına əlavə etmişdir. Bəstəkarlarımızın əsərləri omanlı tələbələr tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Düşünürük ki, omanlı tələbələr haqqında, onların Azərbaycan musiqisinə, mədəniyyətinə olan maraq, Vüsalə xanımın onlarda yaratdığı sevgidən daha geniş danışmalıyıq.
(Ardı davam edəcəkdir)
“İNFONEWS” komandası adından Vüsalə xanıma təşəkkür edir, ailə səadəti, gördüyü işlərdə uğurlar arzulayırıq.