“Komandanın Baza Biliklərinin Gücləndirilməsi”- İRƏLİ İB
“İNFONEWS” xəbər verir.
“İrəli” İctimai Birliyi gənclərdə komanda ruhunun yüksəldilməsi, problemlərin kollektiv şəkildə həlli və ümumilikdə gənclərin yeni bilik və bacarıqlar əldə etməsi məqsədilə “Komandanın Baza Biliklərinin Gücləndirilməsi” layihəsini həyata keçirib.
Layihənin ilk günündə görüş “İrəli” İctimai Birliyin sədri Şahin Rəhmanlı ilə baş tutub. Görüş çərçivəsində Birliyin fəaliyyətində aktiv yer alan gənclərlə cari il üçün həyata keçiriləcək layihə və tədbirlərin planı müzakirə edilib, gənclərin bu fəaliyyətlərdə aktiv rol alması, bu vasitə ilə həmyaşıdlarına göstərə biləcəkləri dəstəyin vacibliyindən danışılıb. “İrəli” sədri bütün bu fəaliyyətlərin icrasında komanda işinin xüsusi əhəmiyyətindən söhbət açıb.
Layihənin növbəti günündə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini, təlimçi Anar Məmmədovun təqdimatında “Komandada peşəkar idarəçilik” mövzusunda vorkşop keçirilib. Keçirilən təlim müddətində komanda daxilində idarəetmə, liderin xarakterik xüsusiyyətləri və Edvard De Bononun “6 düşüncə şlyapası” metodu haqqında ətraflı müzakirələr aparılıb, gənclərə liderlik və komanda quruculuğu haqqında nəzəri və praktiki biliklər ötürülüb.
Gənclər Fondunun maliyyə dəstəyi ilə Lənkəran şəhərində həyata keçirilən layihə çərçivəsində həmçinin “Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Ramiz Əliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Ramtiq Alızadə ilə görüşlər keçirilib. Görüşlərdə qonaqlar tərəfindən Birliyin əməkdaşları və üzvləri ilə beynəlxalq əlaqələr, faundreyzinq, Avropa Həmrəylik Korpusunun könüllülük proqramı, beynəlxalq layihələrin yazılması və idarə edilməsi, o cümlədən regionlarla iş, insan resurslarının idarə edilməsi, region gənclərinin ehtiyaclarının müəyyənləşdirilməsi və digər istiqamətlərdə mövzular müzakirə edilib.
Layihədə gənclərin asudə vaxtının səmərəli təşkili, eyni zamanda keçirilən təlimlərin effektivliyinin artırılması məqsədilə Birliyin əməkdaşları Günel Abbaszadə və Raziyə Dadaşzadə tərəfindən müxtəlif oyun və enercayzerlər də həyata keçirilib. Bununla yanaşı gənclərdə komanda ruhunun gücləndirilməsi və Lənkəran şəhərinin tarixi-mədəni abidələri, gəzməli-görməli yerləri ilə tanışlıq məqsədi ilə “Axtar Tap” intellektual oyunu baş tutub.
40-a yaxın gəncin iştirakı ilə həyata keçirilən layihənin əsas məqsədi Birliyin gənclərlə işləyən aktiv üzvlərinin potensialını artırmaqla digər gənclər üçün daha yaxşı imkanlar yaratmaq olub. Layihə müddətində gənclərin şəxsi inkişafı təmin edilib, komanda işində buraxılan səhvlərin həlli istiqamətində addımlar atılması ilə bağlı görüşlər baş tutub. O cümlədən iştirakçılar problem həlletmə, qərar qəbulu, komanda birliyinin əhəmiyyəti haqqında praktiki təcrübə eldə ediblər.