TKTA əməkdaşlıq əlaqələrini genişləndirir – MÜQAVİLƏ İMZALANDI
“İNFONEWS” xəbər verir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə 1 nömrəli Bakı Tibb Kolleci arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
TKTA-nın məlumatına görə, müqaviləyə əsasən agentliyin peşəkar ekspertləri tərəfindən 1 nömrəli Bakı Tibb Kollecinin əməkdaşlarına keyfiyyət təminatına dair təlimin keçirilməsi nəzərdə tutulur.
Təlimlərin əsas məqsədi 1 nömrəli Bakı Tibb Kollecinin pedaqoji və inzibati heyətinə daxili və xarici keyfiyyət təminatı sisteminə dair geniş məlumat vermək və daxili keyfiyyət təminatının formalaşmasına dəstək verməkdən ibarətdir.
Qeyd edək ki, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.