“DUR!” deməyin vaxtı gəlib çatmayıbmı? – Ruslan Fətullayev

“DUR!” deməyin vaxtı gəlib çatmayıbmı? – Ruslan Fətullayev

“İNFONEWS” təqdim edir.

Ruslan Fətullayev

iqtisadçı-ekspert, beynəlxalq təlimçi

“HALAL” MƏHSULLAR GÜNÜN TƏLƏBLƏRİNƏ CAVAB VERİRMİ?

İstehsal və xidmət sahələrində, ticarət şəbəkələrində  “HALAL” adı ilə istehlakçılara təklif edilən ərzaq və sənaye mallarının geniş  çeşidləri durmadan artmaqdadır. Nəinki, ərzaq və sənaye malları, hətta müxtəlif  xidmət növləri də halal xidmət kimi insanlara təklif edilməsini uzun müddətdir şahidiyik. Bəs yeri gəldi-gəlmədi mal və məhsullarının satılması məqsədilə “halal” libasına bürünən, amma əməllərində və istehsal prosesində halallıqdan uzaq olan bəzi sahibkarlar nə vaxta qədər istehlakçıları aldatmaq yolunu tutacaqlar? Məhsul seçimi zamanı “halal” etiketli mallara üstünlük verən istehlakçıların etimadından sui istifadə edən, müqəddəs saydığımız halal məhfumunu ucuzlaşdıran işbazlara artıq “DUR!” deməyin vaxtı gəlib çatmayıbmı?

Ən acınacaqlısı da budur ki, istehlakçılarımız belə işbazların toruna daha tez düşərək heç də hər zaman “halal” məhsullara sahib ola bilmirlər. Belə baxanda onları da çox qınamaq mümkün deyil. Çünki bu məhsulların əksəriyyətinə müxtəlif dövlət və dini qurumları, ictimai təşkilatlar zəmanət verir. Əslində hər bir mal və məhsulun, eləcə də xidmətin halal norma və standartlarına cavab verməsi üçün çox ciddi islami şərtlərə uyğun olması vacibdir. Xüsusilə ət və ət məhsullarının halal yolla kəsilməsi, istehsalı, qablaşdırılması, saxlanması və satılması çox vacib amillərdən biridir. Təbii ki, bu qaydalara riayət olunması üçün cətin və ciddi normativlərə əməl olunmalıdır ki, bu da hər sahibkarın və müəssisənin gücü və istəyi daxiləndə deyil. Əksər İslam ölkələrində qida məhsullarının halal etiketi ilə ticarət mərkəzlərinə daxil olması üçün bu məhsulların müvafiq norma və standartlara uyğunluğunu  müəyyən edən qaydalar mövcuddur. Artıq uzun müddətdir ki, İslam İnkişafı Təşkilatı İslam ölkələri arasında qarşılıqlı ticarət münasibətlərinin qurulması  məqsədilə  vahid  “Halal qida standartları” layihəsi üzərində çalışaraq bu layihənin daha çox ölkələr arasında həyata keçməsi üçün xeyli əmək sərf etmişlər. İslam İnkişaf Təşkilatının  müəyyən etdiyi standartları bu təşkilata üzv olan 52 ölkə alimlərinin qatıldığı Standart Hazırlama Komitəsi  hazırlamışdır. Bu milli bir standart deyildir, ancaq üzv ölkələr arasında alqı-satqı prosesində alıcı ölkələrin, şirkətlərin tələbinə uyğun olaraq satıcı və istehsalçı müəssisələr bu standartlara cavab verməlidirlər. Standartların ən önəmli tərəfi hansı məhsulların, o cümlədən, hansı heyvan növlərinin  halal sayılması və bu heyvanların hansı üsulla kəsilməsi, istehsalı, satışı  məsələsidir. İslami qaydalara görə donuz, it cinsləri, vəba və digər təhlükəli xəstəlik, toksikoloji maddə daşıyan və İslam qanunlarına görə kəsilməyən heyvan və quş növləri halal sayılmır. Eyni zamanda həm suda, həm də quruda yaşayan  növləri, hər çeşid qandan istehsal edilən məhsullar da halal qəbul edilmir.
Kəsilən heyvanlar halal qida ilə bəslənməli, onları kəsən insanlar mükəmməl bir müsəlman olmalıdır. Heyvanların kəsilməsi üçün sağlam olduğuna dair baytar həkimdən sertifikat alınmalıdır. Xəstə və boğaz heyvanların kəsilməsi qəti qadağandır. İstehsal zamanı istifadə edilən məkan və avadanlıqlar müvafiq  gigiyena və dezinfeksiya qaydalarına əməl edilərək təmizlənməlidirlər. Məhsulun qablaşdırılması zamanı halal və təmiz olmayan material və məhsul  növlərindən  istifadə edilməməlidir.

Halal qida məhsulları istehsal, daşınma, saxlanma və satış prosesində digər məhsullardan kənar saxlanılmalıdır. Digər məhsullarla bir arada saxlanılan məhsul halal sayıla bilməz.

Göründüyü kimi,  halal qida məhsullarının hazırlanması və satışı üçün çox ciddi islami və digər şərtlərə əməl  etmək  lazımdır. Bu qədər çətin bir prosesdən keçməyə sahibkarlar və istehsalçılar hazırdırmı? Ölkəmizdə halal məhsul  istehsalçısı yoxdur demək mümkün deyil, ancaq bu tələblərə cavab verən çox az sayda istehsal müəssisələri vardır. Bununla əlaqədar Azərbaycanda AZS-731-2012(OİC/SMİİC 1:2011) “Halal qida, ümumi tələblər” dövlət standartlarına  uyğun sertifikatlaşdırılmayan, lakin üzərində halal etiketi olan məhsulların istehsalı və satışı qadağan olsa da, bu qanunlara heç də bütün istehsal müəssisələri  əməl  etmir. Və istehlakçılarda həqiqi halal məhsulları halal olmayanlardan ayırd etmək  üçün çətinliklər yaranır. Bu gün ölkədə kifayət qədər gigiyenik cəhətdən təmiz və bütün texnoloji proseslərə əməl edilərək, müvafiq norma və standartlara cavab verən mal və məhsullar istehsal  edilir. Lakin hər bir keyfiyyətli məhsul müvafiq  halal standartlarına cavab vermirsə, onlar halal məhsul deyil, sadəcə, keyfiyyət  baxımından yaxşı olan məhsullar sayıla bilər. Bütün bunları nəzərə alaraq, bir çox halal adından sui istifadə edən “haramzadaların” istehsal etdiyi məhsullara şübhə ilə yanaşıram və bütün istehlakçıları məhsul  seçərkən diqqətli olmağa çalışıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir