“Tullantısız dünya” proqramı ekoloji layihəyə START VERİB
“İNFONEWS” xəbər verir.
“Coca-Cola” şirkəti, “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADA Universitetinin birgə əməkdaşlığı ilə Bakının bir sıra restoranlarında plastik tullantıları toplamaq üçün ekoloji layihəyə start verib. Həmin layihə “Coca-Cola” şirkətinin “Tullantısız dünya” proqramının tərkibində icra olunur.
Layihənin icra olunmasında məqsəd istifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və bu xammalın ətraf mühitə təsirini azaltmaqdır.
Şirkətdən verilən xəbərə görə, “Tullantısız dünya” proqramı çərçivəsində 2025-ci ilə qədər “Coca-Cola” məhsullarında istifadə olunan qablaşdırmanı 100 faiz təkrar emal edilə bilən hala gətirməyi və 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir. Eyni zamanda, proqram “Coca-Cola”nın fəaliyyət göstərdiyi ölkələrin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün də müxtəlif yerli layihələrə dəstək olur.
Hazırda həyata keçirilən pilot layihəyə iki ay ərzində Bakı şəhərinin müxtəlif yerlərindən 10-a yaxın restoran cəlb edilib. Həmçinin Bakının iri ticarət mərkəzlərindən biri olan “Gənclik Mall” da layihəyə qoşulub. Layihə çərçivəsində istifadə olunmuş plastik tullantıların toplanması üçün restoranlara, eyni zamanda, həmin ticarət mərkəzinin ərazisinə qutular yerləşdirilib, həmçinin vətəndaşların maarifləndirilməsi üçün müxtəlif məlumatlandırıcı vasitələr paylanılıb.
“Coca-Cola” Azərbaycan şirkətinin baş direktoru Rəna Məmmədova ölkədə ətraf mühitin yaxşılaşdırılmasına töhfə verməyə davam etdiklərini bildirib: “Coca-Cola sosial məsuliyyətli şirkət olaraq fəaliyyət göstərdiyi 200-dən çox ölkədə insanların ekologiyaya həssas yanaşmasını və təbiəti qorumağın önəmini təbliğ etmək üçün müxtəlif layihələr həyata keçirir. Azərbaycanda da növbəti layihəmiz məhz “Tullantısız dünya” proqramı çərçivəsində baş tutur. Digər müəssisələrin də həmin layihəyə qoşularaq plastiklərin təkrar emala yönləndirilməsini irimiqyaslı formaya gətirməklə faydalılığımızı daha da artıra bilərik”.
Qeyd edək ki, bundan əvvəl “Coca-Cola” şirkəti “Tullantısız dünya” proqramı çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı, ADA Universiteti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Təmiz ölkəm” ekoloji layihəsini həyata keçirib. Şirkət, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatı ilə birgə “Təmiz Sumqayıt” layihəsinin də əsas təşkilatçılarından və dəstəkçilərindəndir. Layihələr insanlar arasında maariflәndirmә işləri aparmaq, cəmiyyətdə təkrar istehsal ənənəsini formalaşdırmaq, plastik qabların toplanaraq tәkrar istehsala göndәrilməsini təbliğ etmək işini əhatə edib.
“Coca-Cola” şirkətinin “Tullantısız dünya” proqramına uyğun olaraq Azərbaycanda son 10 il ərzində keçirdiyi “Xəzəri qoruyaq” birgünlük sahilyanı təmizlik aksiyası çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektaradək ərazisi təxminən 40 ton məişət tullantısından təmizlənib.