“Sülhün Kökləri” təşkilatı və BAMF əməkdaşlıq edəcək
“İNFONEWS” xəbər verir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti və ANAMA-nın dəstəyi ilə ölkəmizə səfərə gəlmiş Haydi Kün BAMF-in baş ofisində olub.
Görüşdə qurumun prezidenti Umud Mirzəyev qonağa BAMF-in tarixi, son 30 ildə həyata keçirilən layihələr və görülən işlər haqqında məlumat verib. BAMF-in prezidenti Azərbaycanın mina probleminin həlli istiqamətində “Sülhün Kökləri” təşkilatı ilə rəsmi əməkdaşlığın perspektivindən də söz açıb.
ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov təmsil etdiyi qurumun BAMF ilə uğurlu tərəfdaşlığından danışıb. Mina probleminin hazırda Azərbaycan dövləti üçün xüsusi prioritet təşkil etdiyini və bu istiqamətdə fasiləsiz işlərin görüldüyünü diqqətə çatdırıb.
“Sülhün Kökləri” təşkilatının qurucusu Haydi Kün qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Azərbaycanı tanımaq üçün fürsət yarandığından məmnunluğunu ifadə edib.
Söhbət zamanı Azərbaycanda ərazilərin minadan təmizlənməsi istiqamətində planlaşdırılan işlərdən, təmizlənmiş sahələrdə üzümlüklərin salınması ilə bağlı müzakirələr aparılıb.
Səfər çərçivəsində “Sülhün Kökləri” təşkilatı və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında memorandum imzalanması qərara alınıb. Məqsəd Azərbaycandakı mina problemlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və təmizlənəcək ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək verməkdir.
Qeyd edək ki, Haydı Kün martın 5-dək Azərbaycanda səfərdə olacaq. Səfər zamanı o, dövlət rəsmiləri, beynəlxalq təşkilatlar, KİV və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşəcək.