İspaniya böyük turizm transformasiyası yolundadır

İspaniya böyük turizm transformasiyası yolundadır

“İNFONEWS” xəbər verir.

İspaniyanın turizm sənayesi üçün problem, sektorun pandemiyadan əvvəlki göstəricilərini bərpa etmək və ölkənin qlobal turizm meyarını qorumaqdır.

Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 2019-cu ildə pandemiyadan əvvəl İspaniya Fransadan sonra dünyada ən çox ziyarət edilən ölkə olub və ölkəyə 84 milyona yaxın səyahətçi gəlib. 2019-cu ildə turizm sektorunun İspaniya iqtisadiyyatına töhfəsi ÜDM-in 12,4 faizini təşkil edib. 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən turizmin payı ÜDM-də 4,3 faizə, xarici səyahətçilərin sayı isə 1968-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Səyahət agentlikləri, mehmanxanalar, aviaşirkətlər, turoperatorlar və restoranlar dövriyyədə görünməmiş azalma yaşadı. İspaniyanın “Exceltur” Turizm Federasiyasının məlumatına görə, turizm sahəsində 300 minə yaxın iş ixtisara düşüb.

İspaniya turizm sənayesi üçün bugünkü məqsəd 2019-cu ilin göstəricilərini daha davamlı, səmərəli və rəqəmsal yanaşma sayəsində geri qaytarmaqdır. İspaniyanın turizm sektoru ölkənin qastronomiyasına, incəsənətinə, tarixi və mədəni irsinə əsaslanan daha az mövsümi təkliflərlə “günəş və çimərlik” modelini birləşdirmək və beləliklə, turistlərin İspaniyada qalmasını zənginləşdmək niyyətindədir.

İspaniya Hökumətinin COVID-19 pandemiyasından sonra NextGenerationEU (Next Generation EU) Avropa İqtisadi Bərpa Fondunun vəsaitlərindən istifadə edən “İspan İqtisadiyyatı üçün Bərpa, Transformasiya və Dayanıqlılıq Planı” İspaniya iqtisadiyyatının strateji mühərriklərdən biri olan turizm sektorunu canlandırmaq üçün 3,4 milyard avro ayırır.

Bununla belə, turizm İspaniyada iqtisadiyyatın digər sahələrinin də inkişafını stimullaşdırmaqla yanaşı, bu sektor xüsusilə İspaniyanın Aralıq dənizi və cənub sahilyanı ərazilərində ətraf mühitə mənfi təsir göstərir.

Avropanın bərpa planının məqsədi ölkənin təbii ehtiyatlarının qorunmasını birləşdirəcək turizmin inkişafını təmin etməkdir.

Otel Texnologiyaları İnstitutunun (ITH) baş direktoru Alvaro Karrillonun sözlərinə görə, mobil proqramlar, beşinci nəsil 5G mobil rabitəsi və kibertəhlükəsizliklə bağlı texnoloji layihələrə təxminən 80 milyon avro ayrılacaq. Rəqəmsal texnologiyaların inteqrasiyası turizm şirkətlərinə biznesin yeni formalarını tapmağa və səyahət edənlərə göstərilən xidmətlərin keyfiyyətini artırmağa imkan verəcək.

Ən iddialı layihələrdən biri destinasiyanın bütün turist təkliflərini və xidmətlərini bir tətbiqdə birləşdirən intellektual platformanın yaradılmasıdır. 100 milyon avroya qədər vəsait turist təklifinin şaxələndirilməsinə və yay aylarından sonra alış-veriş, təbiət, incəsənət kimi digər əyləncə növləri axtaran səyahətçiləri cəlb etməyə xidmət edəcək. Kanar və Balear adaları günəş və çimərlik təklifləri ilə beynəlxalq səyahətçilərin təxminən yarısını təşkil edir, bununla da iqtisadiyyatlarını turizm fəaliyyətləri ilə sıx bağlayır və deməli, adalar pandemiyadan böyük itkilərə məruz qalıb.

İndi problem Kanar adalarında alış-veriş turizmini və ya Balear adalarında təbiət turizmini təşviq etmək kimi alternativlərlə ilin qalan hissəsi üçün arxipelaqların turist təklifini genişləndirməkdir.

Avropa İqtisadi Bərpa Fondu Kanar və Balear adalarında turizm innovasiyalarını təşviq etmək, köhnə infrastrukturu yeniləmək, çimərlikləri və yolları bərpa etmək, daha ekoloji cəhətdən təmiz tullantıların idarə edilməsinin təşkil etmək, özlərini peşəkarcasına turizmə həsr etmək istəyən gənclər üçün xüsusi təlimlər keçirmək üçün 200 milyon avro ayıracaq.

İspaniya UNESCO-nun Ümumdünya İrs Siyahısına ən çox yer verilmiş ölkələrdən biridir.

Avropa fondlarından təqribən 500 milyon avro abidələrin və irs obyektlərinin, eləcə də turizmə açıq olan 50 tarixi binanın daha dayanıqlı olması məqsədilə bərpasına sərf olunacaq.

Bu irimiqyaslı layihələrin həyata keçirilməsi ilə İspaniya hökuməti dünya turizm güclərinin reytinqində lider mövqeyini möhkəm saxlamaq niyyətindədir.

(AZƏRTAC)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir