Azərbaycan alimləri COVID-19-un yayılmasını izləmək üçün model təklif ediblər.
“İNFONEWS”-un məlumatına görə, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları “COVID-19 pandemiyasının yayılmasının izlənilməsi üçün qrafik modelləşdirmə” (“Graph modelling for tracking the COVID-19 pandemic spread”) adlı məqalə “Infectious Disease Modelling” jurnalında dərc olunub.
Məqalədə qeyd edilir ki, modelləşdirmə yoluxucu xəstəliklərin təsirinin azaldılmasının ən yaxşı strategiyalarının müəyyənləşdirilməsi üçün geniş istifadə olunur. Hazırda COVID-19 infeksiyasının yayılması kimi kompleks sistemin modelləşdirilməsi aktual mövzulardandır. Tədqiqatın məqsədi COVID-19 infeksiyasının yayılmasının qrafik modelləşdirilməsidir. Məqalədə xəstəliyin əsas xüsusiyyətləri və onun yayılmasına təsir edən amillər analiz edilir. Xəstəliyə yoluxmuş insanla təmas zamanı sosial məsafəni və onun yerləşdiyi məkana görə demoqrafik xüsusiyyətləri nəzərə almaqla, COVID-19 epidemiyasının konseptual modeli təklif olunur. Eksperimental tədqiqatda COVID-19 infeksiyasının epidemoloji xarakteristikaları nəzərə alınaraq virusun yayılma ssenarisi üzrə ilk yoluxma halı qeyd olunduğu andan virusun insandan insana ötürülməsi prosesinin qraf modeli qurulub və vizuallaşdırılıb.