Ombudsman “Yüksəliş” müsabiqəsi ilə bağlı ÇAĞIRIŞ EDİB

Ombudsman “Yüksəliş” müsabiqəsi ilə bağlı ÇAĞIRIŞ EDİB

“İNFONEWS” xəbər verir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsi ilə bağlı çağırış edib.

“Yüksəliş” müsabiqəsinin idarəçi rəhbərlərindən olan Səbinə Əliyeva öz çağırışında ölkədə peşəkar fəaliyyət göstərən qadın namizədlərimizi müsabiqədə fəal iştirak etməyə səsləyib: “İstedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi üzrə olduqca vacib bir mexanizm olan “Yüksəliş” müsabiqəsi, eyni zamanda, ölkə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun daha səmərəli təmininə xidmət edir. “Yüksəliş” müsabiqəsi Azərbaycan dövlətinin prioritet vəzifələri sırasına daxil olan insan kapitalının formalaşması və inkişafına yönəlmiş ən uğurlu layihələrdən biridir. Müsabiqədə iştirak etməklə, siz strateji düşünmək, iş icrasını təmin etmək, nəticələrə yönəlmək, sosial məsuliyyət, komandada işləmək və digər bacarıqlara yiyələnirsiniz. Hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də birincisi keyfiyyətli təhsildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə qızların sahib olduğu təhsil səviyyəsidir. Bu gün ölkəmizdə yaradılan şərait hər bir kəsin keyfiyyətli təhsil almasına, dövlət idarəçiliyində yaxından iştirak etməsinə geniş imkanlar yaradıb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha hər kəsi, xüsusilə də gənc qızlarımızı bu müsabiqədə fəal iştirak etməyə dəvət edir, növbəti mərhələlərdə müsabiqə iştirakçılarına uğurlar arzulayıram”.

Xatırladaq ki, fevralın 17-dən etibarən ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat martın 31-dək davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.

Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir